Amerikalı sahibkar İlon Maskın Neuralink şirkəti ABŞ-da beyin çipini insanlar üzərində sınaqdan keçirmək üçün icazə aldığını açıqlayıb.
Medianews.az xəbər verir ki, bu barədə The Times xəbər verib.
Şirkət implantı iflic olan insanlarda sınaqdan keçirməyə hazırlaşır.
Şirkətdən verilən açıqlamada, təsdiqdən sonra Neuralinkin klinik sınaqlarda iflic olan insanlar üçün beyin implantını (çip) sınaqdan keçirmək üçün könüllü xəstələr axtardığı bildirilib.
Altı il davam etməsi planlaşdırılan təcrübələrdə implantın onurğa beyni zədələnməsi nəticəsində iflic keçirən xəstələr üzərində sınaqdan keçiriləcəyi paylaşılsa da, tədqiqatların harada və neçə iştirakçı ilə aparılacağı bildirilməyib.
Klinik sınaqlar nəticəsində beyin implantının təhlükəsiz olduğu sübuta yetirilsə də, ekspertlər Neuralink-In kommersiya istifadəsinə icazə alması üçün 10 ildən çox vaxt lazım ola biləcəyini hesab edirlər . İllər əvvəl ABŞ mətbuatında əks olunan xəbərlərdə şirkətin keçmiş işçiləri heyvanlar üzərində aparılan təcrübələrlə bağlı mənfi təcrübələr yaşadıqlarını bildirmişdilər. Sözügedən çip robot vasitəsilə beynin hərəkəti idarə edən hissəsinə cərrahi yolla daxil ediləcək. İştirakçılardan kompüter kursorunu və ya klaviaturanı yalnız düşüncələrinin gücü ilə idarə etmələri gözlənilir.
Qeyd edək ki, daha əvvəl meymunlar üzərində sınaqdan keçirilən implantın beyindəki siqnalları müvəffəqiyyətlə şərh edərək cihazlara köçürdüyü iddia edilib.
Medianews.az