Bu gün Azərbaycanda kifayət qədər tibb müəssisələri, xalq təbabəti ilə məşğul olan mərkəzlər, stomatoloji klinikalar, salonlar fəaliyyət göstərir. Hər keçən gün müxtəlif adlarla fəaliyyət göstərən həmin mərkəzlər bəzən lisenziyasız fəaliyyət göstərməklə yanaşı orda işləyən insanların çoxunda sənətlərini təsdiq edən diplom olmur. Ancaq müəyyən kurs və yaxud da təlimlərə qoşularaq özlərini “həkim” adlandırırlar.
Lakin Dövlət Vergi Xidmətinin məlumatına görə, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma hallarına görə İnzibatı Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq olunacaq. Qrumdan bildirilib ki, bu halda fiziki şəxslərə 2 min manatdan 3 min manatadək, vəzifəli şəxslərə 5 min manatdan 10 min manatadək, hüquqi şəxslərə isə 20 min manatdan 30 min manatadək maliyyə sanksiyası tətbiq ediləcək. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilən diplom və ya xüsusi icazə olmadan xalq təbabəti ilə məşğul olan şəxsləri isə 400 manatdan 600 manatadək cərimə gözləyir.
Məsələ ilə bağlı Medianews.az-a danışan sosioloq Elçin Bayramlı bildirir ki, bu qanunun qəbulunu və tələbini dəstəkləyirəm:
“Çünki son dövrlər tibb sahəsində nəzarətsiz bazar açılıb. Özəl klinika adı altında bir çox şəxslər insanların həyatı ilə oynayırlar. Bu özbaşınalığa son qoyulmalıdır.
Xalq təbabətinin tərafdarıyam və onu müasir təbabətdən daha üstün sayıram. Ancaq bu sahədə peşəkarlar və lisenziyası olan müəssisələr çalışmalıdır. Üç aylıq kurs qutaran şəxslər bu sahədə çalışmamalıdır. Xalq təbabəti ilə tibbi biliyi, lisenziyası olan həkimlər məşğul olmalıdırlar. Kimlərsə mənfəət əldə etmək üçün düzgün olmayan müalicələr, dietalar, kosmetoloji prosedurlarla insanların həyatları ilə oynayırlar.
Sosioloq qeyd edir ki, hər kəs bildiyi sahə ilə məşğul olsa, daha yaxşı olar:
“Çünki tibbi fəaliyyət mərkəzləri bazar deyil ki, kim harda gəldi badımcan, kartof satsın. Doğrudur , savadlı həkimlərimiz, loğmanlarımız var ki, onlar təkcə öz xalqımızın təbabətini yox, eyni zamanda Çin, Hindistan, Misir təbabətini dərindən bilirlər.
Eyni zamanda, xalq təbabəti ilə yanaşı müasir təbabət haqda da geniş anlayışa malikdirlər.
Təbii müalicə üsullarında elə incəliklər var ki, bir çox xəstəliyi olan , qanında hər hansı bir problemlər olan insana hər müalicəni tətbiq etmək olmaz. Amma bu incəlikləri bilməyən insanlar bir müalicəni hamıya məsləhət görür və buda bir çox fəsadların yaranmasına səbəb olur. O baxımdan xalq təbabəti ilə məşğul olan insan müasir tibbin sirlərinə bələd olmalıdır. Lisenziya almış ,qanuni fəaliyyət göstərən tibb müəssisələri olmalıdır”.
Mehin Mehmanqızı
Medianews.az