“Bu gün səhər saatlarında Ermənistan tərəfindən həyata keçirilmiş terror təxribatı nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları və mülki vətəndaşlar həlak olublar. Ümumillikdə , 14 nəfər insanımız həyatını itirib. Bu düşmənin törətdiyi yeni bir terror aktıdır. Bu bir daha onu göstərir ki, Ermənistanın siyasi rəhbərliyi və bölgədəki separatçı qüvvələr Azərbaycanla reinteqrasiya proseslərində maraqlı deyillər”
Bunu Medianews.az –a politoloq Amid Əliyev deyib.
Politoloq hesab edir ki, düşmən çirkin oyunları ilə sülh sazişinin imzalanmasından yayınaraq bölgədə eskolasiyanın böyüməsində maraqlıdırlar:
“ Azərbaycan tərəfi hər zaman bildirir ki, bölgədə sülhün bərqərar olması üçün 2020 – cı ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın bütün bəndləri Ermənistan tərəfindən icra olunmalıdır. Ərazidə olan silahlı qruplaşmalar çıxardılmalı, Azərbaycan əhalisi geri qayıtmalı, Zəngəzur dəhlizi açılmalı, Ermənistan Azərbaycanın bütövlüyünü tanımalı və bir daha ərazi iddialarında olmamalıdır. Lakin son Brüssel görüşündən sonra görürük ki, Ermənistan siyasi hakimiyyəti, ərazidə olan separatçılar, bunun əksinə gedərək Azərbaycana qarşı yeni təxribatların hazırlanması istiqamətində olduqca müxtəlif addımlar atırlar. Belə ki, əraziyə mütamadi olaraq silah daşınması həyata keçirilir. Bu prosesləri idarə edən digər dövlətlər Ermənistana siyasi – iqtisadi, hüquqi və maliyyə dəstəyi verir. Azərbaycan dövləti hər zaman olduğu kimi , bildirib ki, bu halların qarşısı alınacaq və mütamadi olaraq proseslər izlənərək lazım olan halda antiterror əməliyyatları həyata keçiriləcəkdir.”
Amid Əliyev vurğulayır ki, bu gün baş vermiş terror aktı nəticəsində həlak olmuş vətəndaşlarımızın qisasının alınması , ərazidə qurulmuş nəzarət-istehkam qurğularının aradan qaldırılması, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası məqsədi ilə Azərbaycan Respublikası tərəfindən antiterror əməliyyatları başlanıb:
“ Bunun əsas məqsədi ondan ibarətdir ki, bölgədə olan əsas qanunsuz silahlı qruplaşma çıxarılsın və Azərbaycan Ordusuna qarşı müqavimət göstərən düşmən yerindəcə məhv edilsin. Artıq lokaltipli antiteror hərbi əməliyyatlar başlayıb və qısa müddət ərzində bunun müsbət nəticəsini sizinlə birgə görəcəyik. Məqsəd düşməni yerindəcə məhv etməkdir. Azərbaycan heç vaxt onun ərazisində silahlı birləşmələrin olmasına, nəzarətdən kənarda olan ərazilərin olmasına imkan verməyəcəkdir”.
Politoloq vurğulayır ki, 30 il ərzində olduğu kimi, indi də beynəlxalq təşkilatların baş vermiş təxribatları ancaq müşahidə edərək heç bir bəyanatlar səsləndirmir:
“ Bu onu bir daha göstərir ki, Ermənistan və onun havadarları Qafqazda sülh prosesinin sürtələnməsinə yox, eskolasiyanın böyüməsinə və öz şəxsi ambisyalarını həyata keçirməkdən ibarət olan siyasət həyata keçirirlər. Azərbaycan heç bir zaman nə Ermənistana , nədəki onun havadarlarına Cənubi Qafqazda öz istəklərini həyata keçirməyə imkan verməyəcək. Azərbaycan öz Ali Baş Komandanına, öz Ordusuna , öz gücünə arxalanaraq bu gərginliyi təkbaşına tənzimləyəcək və qələbə ilə də bu prosesləri başa çatdıracaq”.
Medianews.az-a danışan politoloq Tural İsmayılov bildirir ki, qarşı tərəf bunu etməklə qəsdən vəziyyəti gərginləşdirməyə çalışır:
“Ermənistanın Azərbaycana qarşı çoxsahəli cinayətləri davam edir. Bu terror aktlarının nəticəsində isə həm mülki vətəndaşlarımız, həm də polis və digər vəzifələrdə çalışan insanlarımız həlak olmağa davam edir. Təəssüflər olsun ki, Xankəndidə yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarını siyasi manipulyasiya etmək məcburiyyətində olduqlarını hiss edən bəzi xarici dairələr dövlətimizə qarşı həyata keçirilən mina terroruna indiyə qədər səs çıxarmayıblar.
Mina terroru 44 günlük müharibədən sonrakı dövrdə daha sistematik və dəhşətli bir hala çatıb. Bir gecənin içində bu qədər azərbaycanlının erməni terroruna qurban getməyi bütün dünyanı narahat edən bir məsələ olmalıdır. Bir tərəfdə Azərbaycan dövlətinin sülhpərvər mövqeyi var. Azərbaycan dünyada yeganə presedentlərdən birini yaradır. Biz 30 il ərzində torpaqlarımızın işğalı dövründə Ermənistana hər zaman barış əlini uzatmışıq. Heç vaxt müharibəni əsas variant olaraq nəzərdən keçirməmişik. Eyni zamanda torpaqlarımızı işğal edən dövlətə belə dəfələrlə sülh çağırışları etmişik. Azərbaycan Ermənistana 5 maddəlik sülh təklifi göndərib.
Lakin bizim göndərdiyimiz təkliflərə qarşı Ermənistanda qeyri-səmimi münasibət yaranır. Bu gün Ermənistan hakimiyyətinin Azərbaycan ərazilərində həyata keçirdiyi çoxvektorlu terror hadisələri əsla qəbul edilən bir əməl deyil. Bütün bunlar qarşı tərəfin yenidən müharibəyə hazırlaşdığını və vəziyyəti qəsdən gərginləşdirməyə çalışdığını göstərir. Artıq günlərdir şərti sərhədlərdə silahların susmaması, mina terroru ilə vətəndaşlarımızın öldürülməsi, Ermənistanın 21-ci əsrin qanunlarına uyğun gəlməyən neofaşist siyasəti dövlət ideologiyası halına gətirməsi bölgəni təhdid edir. Bütün bunlar Ermənistana layiqli cavab verilməsini zəruri hala gətirən hadisələrdir”.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər” mövzusunda hazırlanıb.