Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin (AP) Baş Assambleyasının sessiyasında Çindən Avropa İttifaqı ölkələrinə gətirilən elektromobillərə qarşı subsidiya araşdırması başlandığını bildirib.
Medianews.az xəbər verir ki, Avropa sənaye və texnologiya şirkətlərinin rəqabəti sevdiyini deyən von der Leyen bu yarışmanın ədalətli keçirilməsinin vacibliyini vurğulayıb.
Von der Leyen bildirib ki, Avropa şirkətləri tez-tez bəzi bazarlardan çıxarılır və ya bazarı təhrif edən hərəkətlərlə üzləşirlər. Bu hallar isə xüsusən böyük dövlət subsidiyalarından faydalanan rəqibləri orada qiymətləri aşağı saldıqda baş verir.
Çinin ədalətsiz ticarət tətbiqlərinin keçmişdə Avropa günəş enerjisi sənayesinə mənfi təsir göstərdiyini ifadə edən von der Leyen, Avropadakı bir çox müəssisənin yüksək subsidiya alan Çinli rəqibləri səbəbiylə işini itirdiyini qeyd edib.
Von der Leyen, elektrikli nəqliyyat vasitələrinin Avropa üçün böyük potensiala malik bir sektor olduğunu və təmiz iqtisadiyyat üçün çox vacib olduğunu bildirib:
“Qlobal bazarlar indi daha ucuz Çin elektromobilləri ilə doludur. Çin elektrik avtomobillərinin qiymətləri dövlətin böyük subsidiyaları hesabına süni şəkildə aşağı saxlanılır. Bu, bizim bazarın fəaliyyətini pozur. Biz isə bu vəziyyəti qəbul etmirik”.
Avropanın rəqabətə açıq olduğunu təkrarlayan von der Leyen burada ədalətsiz təcrübələrə qarşı özlərini müdafiə edəcəklərini bildirib.
Avropa İttifaqının elektrik avtomobil istehsalçıları uzun müddətdir ki, Çindən gətirilən avtomobillərə qarşı araşdırma tələb edir. Bu araşdırma nəticəsində Çindən subsidiya alan və Aİ ölkələrinə göndərilən elektromobillərə əlavə gömrük tarifləri tətbiq oluna bilər.
Qeyd edək ki, son illərdə Aİ ölkələrində satılan elektrik avtomobillərində Çin istehsalçılarının payı sürətlə artır.
Medianews.az