İrəvanfilm, 1Səhnə prodüser mərkəzi və Azərbaycan İncəsənət Məktəbinin birgə istehsalı olan və antinarkomaniya mövzusuna həsr edilən “Kristal” bədii filminin çəkilişlərinə start verilib.
Medianews.az xəbər verir ki, rejissoru Namiq Ağayev, ssenari müəllifi Rəfsan Novruzov olan ekran işi qış aylarında kinoteatrlarda yayımlanmağa başlayacaq.
Filmin rejissoru Namiq Ağayev bu haqda Medianews.az-a danışıb:
“Film patı, metanfetamin tərkibli, digər adı kristal olan zərərli maddənin insanlara vurduğu zərərdən bəhs edir. Bildiyimiz kimi, bu bəla virus kimi bütün dünyaya yayılıb. Artıq Azərbaycanda da geniş vüsət almağa başlamışdır. Sosial mövzulara geniş fikir verməsəm də sözügedən məsələ haqda film ərsəyə gətirməyi özümə vicdan borcu bildiyim üçün bu işə başladım. Bu elə bir bəladır ki, qarşısını almaq çox çətindir. Həmin problem barədə hətta dünya institutları da yaradılıb.
Qiyməti ucuz olduğu üçün geniş yayılmağa başlayıb. Yalançı enerji verir. Burada sosial çarxlar, reklamlar, çəkindirici layihələr həyata keçirildiyini müşahidə edirik. Lakin belə məsələlər layihələr primitiv zehniyyət ilə həll olunmağa çalışılarsa bu o qədər də effektiv olmur. Çünki patı bəlasına düçar olan şəxslər özləri də vəziyyətlərinin necə ağır və dəhşətli olduğunun fərqindədirlər. Bu səbəbdən onlara qarşı olan bütün fikirlərə daha da aqressivləşirlər. Patı əslində özünüməhvetmə proqramıdır. Ərsəyə gətirəcəyimiz filmdə isə bəhs etdiyim həqiqətləri bütün çılpaqlığı ilə təqdim etməyə çalışacağıq. Baxmayaraq ki, deyilən funksiyanı sənədli film janrı özündə əks etdirir, lakin biz bütün bunları bədii janrda olan layihəmizdə dünya kino mədəniyyətinin tendensiyalarına uyğun olaraq, kino sənətinin akademizmini, bədii təsvir sənətinin tələblərini unutmadan edəcəyik”.
Namiq bəy həmçinin qeyd etdi ki, bu barədə hər kəs ona dəstək olmağa çalışır:
“Kino sahəsində olan dostlarımıza təşəkkür edirəm. Çünki bu barədə özümə və bu layihəyə hər kəsdə dəstək enerjisi hiss edirəm. Bu işə büdcəsiz başlamışam. Ona görə ki, belə bir məsələ haqqında çox həssas və operativ iş görülməlidir. Vaxt itirməmək üçün də filmə hər hansı büdcə ayrılmağını gözləmədik. Kimə bu barədə müraciət etmişəmsə, müsbət cavablar almışam. Hər kəs özlüyündə bacardığı qədər dəstək olur və əllərindən gələn fiziki, mənəvi köməyi əsirgəmirlər”.
Qeyd edək ki, ekran işi direktoru Vüsalə Ağayeva olan İrəvanfilm prodüser mərkəzinin ilk layihəsidir.
Medianews.az