ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü briqada generalı Pat Ryde Priqojinin ölümü ilə bağlı mətbuata açıqlama verib.
Medianews.az xəbər verir ki, Ryde açıqlamasında ABŞ-ın Priqojinin öldürüldüyünü düşündüyünü vurğulayıb:
“Müxtəlif faktorlara əsaslanan ilkin qiymətləndirməmiz, ehtimal ki, öldürüldüyüdür”
Ryde, qəzaya uğrayan şəxsi təyyarəyə yer-hava raketinin atıldığına dair iddiaları təsdiq edəcək heç bir məlumat olmadığını bildirib və təyyarənin içərisində bombanın partlayıb-partlamaması ilə bağlı şərh verməkdən imtina edib.
Xatırladaq ki, Rusiya Fövqəladə Hallar Nazirliyi dünən ölkənin Tver vilayətində şəxsi təyyarənin qəzaya uğraması nəticəsində 10 nəfərin öldüyünü bildirib.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviatsiya) qəzada həlak olanlar arasında Vaqnerin qurucusu Yevgeni Priqojinin də olduğunu açıqlayıb.
Vaqnerə yaxın olduğu bilinən bəzi Telegram kanallarında təyyarənin Rusiya ordusunun müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilib.
Qeyd edək ki, Priqojin muzdlu döyüşçüləri ilə iyunun 24-də Rusiya hökumətinə qarşı silahlı üsyana başlayıb. Üsyan Belarus prezidenti Aleksandr Lukaşenkonun müdaxiləsi ilə başa çatıb.
Medianews.az