Dünya Rusiya-Ukrayna müharibəsinin kölgəsində növbəti dəfə qışa hazırlaşır. Rusiyadan təbii qaz idxalını azaldan Avropa anbarlarını alternativ təchizatçılardan doldurmağa üstünlük verir. Lakin anbarlarının 90 faizi dolu olsa da, bu qış Avropada enerji böhranı yaşana biləcəyi ilə bağlı narahatlıq var.Yəni, hazırkı ehtiyatlar qitənin bütün qış ehtiyaclarını ödəyəcək səviyyədə deyil. Qarşıdan gələn soyuq hava şəraiti enerji böhranının daha da dərinləşəcəyindən xəbər verir . Son 10 ildə artmaqda davam edən təbii qaz qiymətlərinin daha da artacağı gözlənilir.
Bəs, bu proseslərin Azərbaycana təsiri gözlənilirmi? Qazın qiyməti artacaq?
Məsələ ilə bağlı Medianews.az –a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban qeyd edir ki, dünən dünya bazarında qazın qiyməti iyulun ayının 15- dən sonra ilk dəfə 500 dollar həddini keçdi:
“Budan öncə 400 dollar ətrafında ticarət edilirdi. Bəs, nə üçün bir neçə gündə bu qədər artım qeydə alındı?
Bunun əsas səbəbi ondan ibarətdir ki, Avstraliyada qaz sənayesi işçiləri sentyabr ayında əmək haqlarının artırılması tələbi ilə rəsmi müraciət ediblər. Bu isə bazar iştirakçılarını təşvişə salıb. Çünki Avstraliya dünya bazarında maye qaz ixracının 10 faizinə malikdir. Təbii ki, ixrac dayanarsa, bazarda təlatümlər də yaşanacaq. Bu baxımdan da qiymətlər qalxır. Bu proseslər müvəqqəti və güman edilən bir risqdir. Hələlik, qlobal bazarda belə risqlə üzləşməmişik”.
Ekspertin sözlərinə görə, Azərbaycanda qazın qiyməti dünya bazarına bağlı deyil və qiymətlər dövlət tərəfindən tənzimlənir:
“ O zaman qiymətlər dəyişə bilər ki, istehsalçının xərcləri artır. Azərbaycana istər Dövlət Neft Şirkətindən olsun, istərsə də Əməliyyat şirkətlərindən olsun onlar daxili bazara yönələn qazı hökümətlə razılaşdırılmış qiymətdə satmadıqda onların biznesinə zərər vurduğunu sübuta yetirirlər. Belə olan halda, qiymət dəyişir. Lakin indiyə qədər istehsalçıdan narazılıq qeydə alınmayıb. Nə Dövlət Neft Şirkətinin, nə də Pesablama Palatasının audit olunmuş büdcə, eyi zamanda digər əməliyyatlarla bağlı narahatçılığını sezməmişik. Daxili bazarda risk dərəcələri yoxdursa, qiymət artımı ilə bağlı təşvişə ehtiyac yoxdur”.
Mehin Mehmanqızı
Medianews.az