“Yəqin ki, ötən gecə baş verən qəzanın görüntülərinə hamınız baxmısınız. 1 gənc qəza nəticəsində həyatını itirib, digəri yerdə qolu qopmuş halda ağrılar içində qıvranır. Əksəriyyəti isə əlində telefonla maşının içərisinə soxulmağa çalışıb, gəncin cansız bədənini daha yaxından, “daha effektli” çəkməyə çalışır. İndi bir xəbər də qarşıma çıxdı ki, o vəziyyətdə kimsə Nicat Şakirlinin (Nikosayağının) telefonunu və pul qabısını oğurlayıb”.
Bu sözləri tanınmış aparıcı dünəndən bəri gündəmdən düşməyən və böyük müzakirələrə səbəb olan sosial şəbəkələrdə “Nikosayağı” kimi tanınan Nicat Şakirlinin törətdiyi yol qəzasında baş verənləri şərh edərkən bildirib.
“Utanmırsınız? Ailənizdən, doğmalarınızdan kimsə öləndə də belə reaksiya verirsiniz? Sizin üçün üzü-gözü qanın içində qalan o oğlan sadəcə bir cəsəddirsə, bir ana, ata üçün illərdir zəhmətlə böyütdüyü, bütün ümidini bağladığı övladıdır. Necə bu qədər məsuliyyətsiz, necə bu qədər düşüncəsiz ola bilirsiniz axı? O oğlanın qanlı üzü sizə reytinq qazandıracaq deyə, o ananın foto yaddaşına niyə belə ağır travma yükləməlisiniz axı? Bu ixtiyarı sizə kim verir? Niyə belə insanlar haqqında da ölçü götürülmür?
Hadisəyə gəldikdə isə, avtomobili yüksək sürətlə idarə edənlərə ən sərt cəza tədbirləri tətbiq olunmalıdır. Sürət həddini aşağı salmaq, cərimə tətbiq etmək, görünür, fayda vermir. Qəza baş verəndən sonra “Heç kim istəməzdi belə olsun” deməklə nə ölən geri qayıdır, nə də sağlamlıq.
Allah qəzada həlak olan gəncin ailəsinə səbr, Nicat Şakirliyə isə şəfa versin!”, – deyə aparıcı qeyd edib.
Medianews.az