Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 8-də 75 yaşı tamam olan Xalq artisti Rasim Balayevə “İstiqlal” ordenini təqdim edib.
Xalq artisti Rasim Balayev prezident İlham Əliyevlə görüşünün təəssüratları haqqında Medianews.az-a danışdı. Bildirdi ki, o bu günü uzun müddət gözləyib:
“İlk olaraq, bu mükafatı mənə layiq gördüyü üçün Cənab Prezidentə təşəkkür edirəm. Mən çox sevinirəm ki, vaxtilə öz peşəmdə çəkdiyim əziyyətlərin, bu sahəyə verdiyim əməyin qarşılığını qat-qat çox alıram. Sevindirici haldır ki, ölkədə aktyorlarımıza, kino sahəsinə olduqca böyük hörmət var. Bunu ölkə başçısının bizə daim göstərdiyi diqqət başlıca olaraq sübut edir.
Görüşümüz barəsində isə onu demək istərdim ki, ad günümdə prezidentlə görüşmək və bu mükafatın şəxsən onun özü tərəfindən təqdim edilməsi məni çox sevindirir. Bizim görüşümüz olduqca səmimi keçdi. Söhbətimiz Azərbaycan kinosunun bu günü ilə bağlı oldu, müxtəlif müzakirələr apardıq.
Prezidentimizin bu sahə ilə bağlı çox gözəl arzuları var. Əslində bu arzular hər kəsə məxsusdur. Çünki Azərbaycan kinosu daim diqqət mərkəzində olmuş, dünyada və ölkəmizdə öz yerini, birinciliyini qoruyub saxlamışdır. Bunun da başlıca səbəbi bizə göstərilən diqqət və qayğının olmasıdır.
Hazırda bu sahə üzrə yeniliklərin olması da əlbəttə ki, arzuolunandır. Kino adamlarının, aktyor və rejissorların vəzifəsi isə bu arzuların həyata keçməsinə töhfə verməkdir. Ümid edirik ki, həmin arzular bir-bir reallaşacaq”.
Xalq artisti həmçinin qeyd etdi ki, hər zaman tamaşaçı sevgisini hər şeydən üstün tutdum, özümü onlara borclu bildim və çox şükür ki, bu yaşımadək bunu qoruyub saxlaya bildim:
“Bütün rollara ürəklə, həvəslə yanaşmışam, sevgisiz oynamamışam. Bunu indiki gənc aktyorlara da tövsiyə edirəm. Bir məsələni də deyim ki, yeni filmə çəkiləndə əvvəl olanları unudurdum, sanki birinci dəfə çəkilirdim. Aktyorda həmin hissiyyat, həmin məsuliyyət olmalıdır. Çox görmüşəm ki, yaşlı aktyor cavan aktyora deyir ki, sənin yaşın qədər mənim stajım var. Mən bunu qətiyyən düzgün yanaşma hesab eləmirəm. Aktyor hansı yaşda olmağından asılı olmayaraq, gərək öz işinə can yandırsın, öz üzərində işləsin, obraza yeni nəfəs gətirsin. Yoxsa keçmişinə arxayın olub səhnəyə çıxsa, tamaşaçı gözündən tez düşə bilər”.
Aytac Şahin
Medianews.az