Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların sayı kişilərə nisbətən az olsa da onların sayı ildən-ilə artır.
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, Azərbaycanda müxtəlif növ narkotiklərdən istifadə edənlərin sayı 35 min nəfərdən çoxdur. Bunlardan 500 nəfəri qadın narkotik istifadəçiləridir.
Qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərlə müqayisədə nisbətən daha tez formalaşır. Qadınlarda narkotiklərdən istifadəyə başladıqdan sonra asılılığın formalaşmasının orta müddəti 2 aydır. Qadınlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərə kişilərlə müqayisədə 10-15 dəfə daha tez qurşanırlar. Qadın narkomanların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir.
Məsələ ilə bağlı Medianews.az- a danışan narkoloq Ramin Allahverdiyevin sözlərinə görə , əvvəlki illərlə müqayisədə Azərbaycanda narkotik istifadəçiləri arasında qadınların sayı artıb:
” Təkcə Azərbaycanda yox, digər ölkələrdə də qadın narkotik istifadəçilərinin sayı hər keçən gün artır. Psixoaktiv maddə istifadəsinə yol açan faktorlara nəzər yetirsək, kişilər üçün keçərli səbəblər qadınlar üçün də keçərlidir. Buna səbəb ginetik və yaxud da sonradan qazanılmış faktor ola bilər. Kişilər üçün necə dəyərləndirmə aparırıqsa, qadınlar üçün də onu aparmağımız məqsədəuyğundur. Bunun əsasında bir çox faktorlar durur. Qadınları ayrıca dəyərləndirməyimiz düzgün olmaz”.
Narkoloq vurğulayır ki, əvvəllər valideynlər övladlarının narkotikdən istifadə etdiyini gizlədirdilər:
“Lakin zamanla başa düşdülər ki, övladlarının sağlamlığı hər şeydən önəmlidir. Ona görə də valideynlər müalicə üçün narkoloji mərkəzlərə müraciət etməyə başladılar. Respublika Narkoloji Mərkəzi vətəndaşlarımıza 2 formada xidmət göstərir. Birinci şəxsin detoksifikasiyadır. Yəni, orqanizmdən zərəli maddələr çıxarılır və ağrıdan xilas olur. Dünyanın istənilən yerində bu prosedur psixoterapiyaya hazırlıq mərhələsidir. İkinci proses reabilitasiya prosesidir. Bu prosedur Respublika Narkoloji Mərkəzdə amulator şəkildə həyata keçirilir və biz bunun çox faydasını görürük.Təəssüf ki, bəzən müalicənin effekti olmur. Səbəb isə valideynlərin və narkotik istifadəçilərinin müalicəyə yanaşma tərzinin düzgün olmamasıdır”.
Ramin Allahverdiyev hesab edir ki, bəzən elə başa düşülür ki, narkotik istifadəçiləri müalicə olundusa, 20 gün müddətində bədən təmizləndisə, həmin şəxs təmiz olacaq:
“Lakin təcrübə bunu göstərmir.Tətikləyicilərlə mübarizə metodları, yox demə bacarığı aktivləndirilməsi , beyinin yenidən əvvəlki düşüncə formasına qayıtması , tənqidi fikrin formalaşması, ailə işinin təşkili, əmək fəaliyyətinin yenidən bərpası kimi faktorlar şəxsin müalicəsinin effektivliyinə təsir göstərir. Bizim vətəndaşların xarici ölkələrə gedib övladlarını müalicə etdirmək istəyində birinci növbədə müalicə qarşı öz yanaşmaları durur. Maddə asıllığı xroniki bir beyin xəstəliyidir. Yəni, narkaloji mərkəzdə 1-2 ay müalicə aldı deyə, bu bitmir. Bunun bir çox prosedurları var. Təcrübədə o da var ki, xarici ölkələrdə müalicə alan əksər vətəndaşlarımız ölkəyə gəldikdən sonra tətikləyicilər həmin o şəxsi yenidən maddəyə yönləndirirlər. Ona görə də müalicəyə kompleks şəkildə yanaşmaq lazımdır. İlk nöbvədə valideynlərimiz ciddi şəkildə maarifləndirilməlidir ki, övladlarının müalicəsində effektiv nəticə ala bilsinlər”.
Mehin Mehmanqızı
Medianews.az