Tarix boyu erməni cəlladlarının xalqımızın başına gətirdiyi müsibətlər ağır dərddir, qapanmaz yaradır. Bunu nə bizlər, nə də o zülmü yaşayanlar unutmaz. Ancaq təkcə unutmamaq kifayət etmir. Bu qanlı faciələri günahsız insanların başına gətirən hər kəs mütləq qanun və ədalət qarşısında öz cəzasını tapmalıdır.
Ötən gün əli məsum azərbaycanlıların qanına bulaşan Vaqif Xaçaturyan əl-qolunu sallayaraq rahatcasına bizim əzəli torpaqlarımızda olarkən saxlanıldı. Bəli, bu cəllad artıq Azərbaycan qanunları və beynəlxalq hüquq qarşısında öz cəzasını alacaq.
Digər tərəfdən isə, onun saxlanılması başqa məsələni gündəmə gətirdi. Əzab,işgəncə, zülm verdiyi insanların onu xatırlaması ilə o günlərə tarixən bir də qayıtdıq. Vaqif Xaçaturyan, əsasən, Xocalının Meşəli kəndində öz xain planlarını həyata keçirib. İndi meşəlilər o cəlladı harda görsə, tanıyır, necə vəhşi, qatil olduğunu yaxşı bilirlər.
Həmin anlara şahid olan, o zülmləri öz gözü ilə görən Murad Allahverdiyev Medianews.az-a danışıb:
“Mən Meşəli kənd sakini Allahverdiyev Murad. Soyqırım günü Meşəli kəndində olmuşam. Bizim iki şəhidimiz olub.
Allahverdiyev Vidadi, Allahverdiyeva Ayşən. 23 dekabr 1991 ci ildə səhər saat 6-7 radələrində ermənilər tərəfindən kəndimizə hücum oldu. Bütün kəndimizi mühasirəyə almışdılar. Hər tərəfdən atəş səsləri gəlirdi. Bütün bu olan hadisələr Vaqif Xaçatryan, Armaes və Ernesin rəhbərliyi ilə baş verdi.
Şəxsən Vaqifin özünü tanımırdım, atası Çərkəzi və qardaşı İlyanı tanıyırdım. O, Badara kəndinə avtobus sürürdü. Bizdə o vaxt həmin avtobus ilə Xankəndiyə gedib-gəlirdik. Bizimlə qətiyyən arası yox idi. Türk millətini heç görməyə gözü yox idi. Çox millətçi insanlar idilər. Meşəliyə basqın zamanı bizə qarşı çox vicdansız və vəhşicəsinə hərəkətlər edirdilər. Bu təkcə bizə qarşı yox, bütün Xocalı və başqa kənd sakinlərinə qarşı da elə idi.
Meşəli kəndində 5-6 saat mühasirədə qaldıq. Kəndimizdə ölən və yaralananların sayı olduqca çox idi. Kənddə elə insanlar var idi ki, bütün ailəsini həmin günü itirdi. Novruz kişi var idi, onun yoldaşı iki qızı və oğlu evdə yandırılaraq şəhid oldu. Mənim qardaşım Allahverdiyev Vidadi və Salmanov Təyyar ikisi bir yerdə patron daşıyıb qayıdarkən, qardaşım Vidadi polis şöbəsində vurularaq şəhid oldu. Onlardan canımızı qurtardıqdan sonra Qaragav kəndinə getdik və yolda mənim qızım Allahverdiyeva Ayşən donaraq vəfat etdi”.
Qələbə Hümbətova da Meşəli kənd sakinidir. O da başlarına gətirilən faciəni yaxşı xatırlayır:
“Mən Meşəli sakini Qələbə Hümbətova. İlk olaraq onu qeyd edim ki, mən şəhid yoldaşıyam. Bəhlul Hümbətov, yəni həyat yoldaşım Meşəlidə şəhid olub. Hadisələrin başlanğıcından sonuna qədər orada olmuşam. Şahid olduğumuz mənzərə çox ağrılı və ağırdır. Hətta o qədər ağırdır ki, mən danışdıqca olanları xatırlayıb dəhşətə gəlirəm. Doğrusu, heç unuda bilməmişik o anları və heç vaxt yaddaşımızdan silməmişik. Danışanda isə yenidən qayıdıb, o zülməti yaşayırıq.
Bizim Meşəli kəndi çox sayda şəhid verdi, yaralılarımız oldu. Başımıza amansız bir fəlakət gətirdilər. Bu elə bir hadisə idi ki, nəinki insanlığa, heç bir bəşər övladına yaraşmırdı. O anlar ölümdən daha ağır idi. Heç kəs belə xatirələrlə yaşamaq istəməz. Lakin təəssüflər olsun ki, belə bir faciə bizim və bizim timsalımızda bütün məsum, günahsız insanların başına gəldi.
Hər şey gözümüzün önündə baş verdi. Kəndimizdə bir məktəb var idi. Biz o məktəbin binasına sığınıb, qorunmağa çalışırdıq. Kənd mühasirədə idi. Hər tərəfi talayır, yandırır, insanlara amansızlıq göstərirdilər. Sonra bizi o məktəbdə taparaq, Laçının Fərraş kəndinə apardılar. Bütün kənd bizim kimi insanlarla dolu idi, hər kəsə cürbəcür işgəncələr verir, zülm edirdilər. Yığışdığımız məktəb binasında həlak olanlar da oldu. Bütün şəhidlərimiz və yaralılarımız Meşəlidə qaldı. Sonradan camaatımız onları kənddən çıxarmağa nail olmuşdu”.
Aytac Şahin
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.