Transferə “stop” deməyən “Qalatasaray” rəhbərliyi məhşur futbolçuları komandaya qatmağa davam edir.
Medianews.az xəbər verir ki, gündəmdə azərkeşləri həyəcanlandıracaq adlardan biri daha var.
Mauro İkardi sarı-qırmızılılara dönüşünü sosial media hesabında paylaşarkən, Serxio Ramos da bəyənən adlardan biri olub. Argentinalı hücumçu ilə Paris Sen-Jermendə çıxış edən 37 yaşlı ispan müdafiəçinin marşrutunun Florya ola biləcəyi bildirilir.
Fransa klubu ilə yollarını ayırdıqdan sonra heç bir komanda ilə müqavilə imzalamayan Serxio Ramosun adı Lionel Messinin yeni komandası İnter Mayami və Səudiyyə Ərəbistanı komandalarında da çəkilir. Əfsanəvi müdafiəçinin yenidən “Əl-Nəsr”də Kriştiano Ronaldo ilə görüşəcəyi ilə bağlı iddialar təsdiqini tapmayıb.
Onun İstanbula gələcəyi ilə bağlı iddialar isə səsləndirilməyə davam edir.
Karyerasında 1 Dünya Kuboku, 2 Avropa Çempionatı və 4 Çempionlar Liqası olmaqla ümumilikdə 28 kubok qazanan Ramos ötən mövsüm Paris SG ilə 37 oyun keçirib və 3 qol vurub.
Medianews.az