Azərbaycan Respublikasının Silahlı Qüvvələri 105-ci il dönümünü qeyd edir. Bu gün Azərbaycan ordusu öz hərbi gücünə görə “Global Firepower” reytinqində 145 ölkə arasında 57-ci yerdədir. Cənubi Qafqazda isə 50 ən güclü ordular sırasındadır.
Medianews.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirir ki, ulu öndər Heydər Əliyev Ali Baş Komandan olaraq qısa müddət ərzində ordunun formalaşması və inkişafını təmin edib:
“Ulu öndərin qayıdışına qədər Azərbaycan ordusu işğalçılarla döyüşlər apararaq pərakəndə şəkildə fəaliyyət göstərirdi. Ordu o zamanlar bir mərkəzdən idarə olunmurdu. Həmin vaxtlar mənəvi cəhətdən olduqca çətin dövr idi. Çünki ölkə daxilində kürsü davası gedirdi. Bu da öz növbəsində cəbhədə düşmənlə savaşan əsgərlərimizə çox böyük mənəvi-psixoloji zərbə idi. Ona görə də Azərbaycan ordusu işğalçılara cavab verə bilmirdi. Məhz ulu öndərin respublikaya qayıdışı və qayıdandan sonra birinci növbədə Azərbaycan ordusundakı problemlərin həlli istiqamətində tədbirlər görməsi olduqca önəmli bir məqamdır. Mərkəzdən idarə sisteminin yaradılması, xalqa müraciət edilməsi və ən əsası Heydər Əliyevin ölkəyə gəlişi cəmiyyətdə yenilənməyə səbəb oldu. Çünki xalq ulu öndəri gözləyir, onu xilaskar lider olaraq görürdü. Heydər Əliyevin gəlişindən sonra işğalçı qüvvələrin qarşısı alındı. Bununla yanaşı 1994-cü il yanvarın 5-də “Horadiz” əks hücum əməliyyatı da Ali Baş Komandan Heydər Əliyevin uğurlu siyasəti nəticəsində düşmən 30 il geriyə düşdü və 22 yaşayış məntəqəsi azad edildi. Digər istiqamətlərdə də itkilərə məruz qalan düşmənlə “Bişkek” razılığı əldə edilmişdi. Bu müqavilə imzalanandan sonra artıq ordumuz atəşkəs dövründə inkişaf etməyə başladı. Ulu öndər Heydər Əliyev Ali Baş Komandan olaraq qısa müddət ərzində ordunun formalaşması və inkişafını təmin etdi. Məhz Cənubi Qafqazda ordumuz ən güclü ordular sırasına yüksəldi. Getdikcə inkişaf edən və yenilənən Azərbaycan Silahlı Qüvvələri zaman keçdikcə düşmənə daha da layiqli cavablar vermiş və onu yerində oturtmağı bacarmışdı.
Heydər Əliyev özünün şah əsəri olan Ali Baş Komandan yetişdirdi və estafeti ona verdi. Onun davamçısı olan İlham Əliyev Azərbaycan Ordusunu müasir prinsiplərlə inkişaf etdirmiş, islahatlar və yeniliklər nəticəsində iri miqyaslı təlimlərdə ordumuzun gücünün və peşəkarlığının artırılmasına diqqət göstərmişdir. Qısa müddətdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında idarə olunan Azərbaycan Ordusu 50 ən güclü ordular sırasında özünəməxsus yer tutmuş və öz bacarığını yalnız təmas xəttində deyil, eyni zamanda beynəlxalq hərbi oyunlar, tədbirlərdə də öz professionallığını yetərincə nümayiş etdirmişdir. Buna ən bariz nümunə Rusiyada təşkil edilən hərbi oyunlardır. Bu oyunlarda iştirak edən tankçılarımız 30 ölkə ilə mübarizədə finala yüksəlməyə nail olmuşdur. Xüsusi təyinatlı dəstələr isə vətən müharibəsinə 1 il qalmış XTQ-ə aid Türkiyədə keçirilən tədbirlərdə 28 ölkə arasında birincilik qazanaraq ölkəyə qayıtmışdır.
Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərindən sonra Azərbaycan Ordusuna yüksək qiymət verərək demişdir ki, hərbçilərimiz qısa müddət ərzində işğalçı qüvvələri darmadağın edib. Ordumuz ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir.
Azərbaycan Ordusu düşmənin son təxribatına cavab olaraq 2020-ci il sentyabr ayında əks-hücuma keçmiş və İlham Əliyevin aprel hadisələrində dediyi kimi qısa müddətdə-44 gün ərzində torpaqlarımızı işğalçılardan azad etməyə müvəffəq olmuşdur. Ordumuzun qəhrəmanlığı və şücaəti nəticəsində düşmən Ağdam, Laçın və Kəlbəcər rayonlarından bir güllə belə atılmadan, Azərbaycanın tələbi ilə çıxarılmışdır. Sonra isə Ali Baş Komandan İlham Əliyev qalib ordunun bütün təminatını göz önünə alaraq qısaca bir zamanda ən müasir silahlarla Azərbaycan ordusunun müharibəyə qədər olan gücünü bərpa etmiş, müharibə təcrübəsi olan bir ordu kimi öz inkişafını təmin etmişdir. Ölkəmizin Türkiyə ilə olan dostluq əlaqələri ulu öndər tərəfindən təməli qoyulan “bir millət, iki dövlət” prinsipinə uyğun inkişaf etdirilərək “Şuşa Bəyannaməsi” qəbul olunmuşdur. Bununla da Azərbaycan və Türkiyə arasında bir-birinin maraqlarında strateji müttəfiq kimi hər zaman çıxış etməyə və bu maraqları qorumağa dair saziş imzalanmışdır. Mustafa Kemal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir” deməsi, Ulu öndər Heydər Əliyevin “ Bir millət, iki dövlət” prinsipi və nəhayət Azərbaycan Respublikası Prezidentinin dəmir yumruğu qardaşlıq yumruğu olaraq göstərməsi ilə bütün sahələrdə olduğu kimi orduda da qardaş ölkənin ordusu ilə münasibətləri sürətləndirmiş və inkişafını genişləndirməyə nail olunmuşdur. Daha sonra Ali Baş Komandan İlham Əliyev ordu qarşısında Türkiyə modelini seçərək, ordumuzun ona uyğun inkişafı istiqamətində tapşırıq qoymuşdur. İndiyə qədər orduda böyük islahatlar aparılmış, Türkiyə modelinə keçməsi təmin edilmişdir və demək olar ki, artıq biz həmin prosesin yekun hissəsindəyik. Hazırda bir ilin ərzində Azərbaycan-Türkiyə orduları arasında olan münasibətlər zamanı 16 birgə təlim planlaşdırılmışdır. Bu təlimlərdən 7-si isə artıq həyata keçirilmişdir.
Ordumuzun inkişafı ilk növbədə, torpaqlarımızın xarici təsirlərdən qorunmasına yönəlib. Azərbaycan Ordusunun inkişafı heç bir qonşu dövlətin işğalına zəmin yaratmır. Bu ordu regionda sülhü bərqarar etmək və qorumaq üçün inkişaf etdirilən bir ordudur. Bu gün ordumuzda böyük işlər və geniş proseslər həyata keçirilməkdədir. Azərbaycan ordusu müasirləşir və yeni silahlarla təchiz olunmağa davam edir. Bütün bunlar ordumuzun daha da gücləndirilərək qarşıya qoyulan tapşırıqları yerinə yetirməyə malik və qadir olmasının göstəriciləridir..
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə xalqımızı, dövlətimizi və orduda xidmət edən hərbçilərimizi, o cümlədən veteran və qazilərimizi, şəhid ailələrini Azərbaycan Ordusunun 105 illiyi münasibətilə təbrik edirəm”.
Hərbi ekspert Ədalət Verdiyev isə Azərbaycan Ordusunun yarandığı zamandan bu günə qədər olan inkişaf dövrünü belə xarakterizə edir:
“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin yaranması barədə qanun 1991-ci ilin sonunda qəbul edilsə də, real olaraq nizami ordu quruculuğuna 1993-cü ilin ortalarından başlandı.
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyasının uğurla reallaşdırılması, iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması müasir ordu quruculuğu və hərbi məsələlərin yüksək səviyyədə həllinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsindən müdafiə xərclərinə böyük vəsait ayrıldı. Ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi. Eyni zamanda, ölkəmizin hərbi sahədə əməkdaşlığı genişləndirildi. Nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu.
Sonunda isə bu Azərbaycan Silahlı Qüvvələrinin inkişafı və müasir silah sistemləri ilə təchizatı əvvəlcə Aprel döyüşləri, sonra isə Vətən müharibəsi zamanı bayrağımızın azad olunmuş ərazilərdə dalğalanması ilə nəticələndi. İkinci Qarabağ müharibəsində qələbəni şərtləndirən amillər iqtisadi güc, qüdrətli ordu, milli birlik, beynəlxalq səviyyədə uğurlar idi. Bütün bunları təmin və təşkil edən, resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Prezident İlham Əliyev kimi liderin olmasıdır.
Həyata keçirilən mühüm ordu quruculuğu tədbirləri nəticəsində ordumuz son yüz ildə ilk dəfə Ermənistanı darmadağın etdi. Azərbaycan əsgəri ilk dəfə düşməni diz çökdürüb onun başına “Dəmir yumruq” endirdi. Nəticədə qəhrəman Azərbaycan əsgəri 30 illik işğalı cəmi 44 gündə qələbə ilə əvəz etdi. Bunun nəticəsində hazırda Qarabağda üçrəngli Azərbaycan bayrağı dalğalanmaqdadır.
Azərbaycanın hərbi qüdrətinin yüksəlməsi, Vətən müharibəsinin tarixi əhəmiyyəti həm də ondan ibarətdir ki, xalq ordusuna inanırdı. Azərbaycan hərbçisi qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirdi. Müharibə dövründə dövlətimizin başçısının böyük sərkərdəliyi ilə Azərbaycan Ordusu yeni əsrin müharibəsini aparmaqla öz tarixi missiyasını uğurla reallaşdırdı və ölkəmizin ərazi bütövlüyünü təmin etdi.
Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycan Ordusunun daha da gücləndirilməsi istiqamətində addımlar atıldı, Komando briqadaları yaradıldı. Hazırda işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın Silahlı Qüvvələrinin müasir standartlara uyğun hərbi infrastrukturu yaradılır. Şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması fasiləsiz davam edir. Ordumuzun Vətən müharibəsində sərf etdiyi silah və sursatlar daha müasiri ilə əvəz edilir və ciddi qoşun növləri yaradılır. Bunların arasında Quru Qoşunların, əlavə hərbi birliklərin və Komando briqadaların yaradılmasını nümunə göstərmək olar. Azərbaycan ilə Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsi isə Ordumuzun döyüş qalibiyyətinə müsbət təsir etməkdədir.
Ümumiyyətlə, rəşadətli Ordumuzun Ermənistan üzərində qələbəsini təmin edən əsas amillər Azərbaycan Silahlı Qüvvələrində xidmət edən şəxsi heyətin fiziki imkanları, peşəkarlığı, vətənpərvərliyi və fədakarlığıdır. Tarixi Qələbəmizin memarı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, icraçısı Azərbaycan Silahlı Qüvvələri, dəstəkçisi isə Azərbaycan xalqı olub”.
Aytac Şahin
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.