Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) Erasmus+ layihəsi çərçivəsində “Strateji inkişaf” mövzusunda məlumatlandırma günü təşkil edilib.
ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu ilə icra edilir və Erasmus+ proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilir. Layihənin əsas məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı yaratmaqla universitetlər və bütün digər maraqlı tərəflər arasında milli şəbəkələşməni və əməkdaşlığı inkişaf etdirməkdir.
Layihə tərəfindən tərəfdaş Avropa rektorlar konfranslarının təcrübəsini öyrənəmək məqsədi ilə təlimlər təşkil olunur.
Polşa Universitetlərinin Rektorlar Konfransının (CRASP) təcrübəsini öyrənmək üçün 30 yanvar – 03 fevral 2023-cü il tarixlərində Varşava şəhərində “Strateji inkişaf” mövzusunda təlim və seminarlarda iştirak etmiş layihənin “Strateji inkişaf” üzrə komitəsinin üzvü, ADMİU-nun Keyfiyyət təminatı və strateji plnalama departamentinin müdiri Nizami Əsədov səfərdə əldə etdiyi təcrübə və məlumatları universitetin akademik və inzibati heyəti ilə bölüşüb.
O, ali təhsil müəssisələrinin strateji inkişaf problemləri və onların həll yolları, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri, strateji idarəetmə üzrə akkreditasiya meyarları, insan resurslarının idarə edilməsi, CRASP-ın milli və beynəlxalq təcrübələri haqda ətraflı məlumat verib.
Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.