29 may – 4 iyun tarixlərində Bakı Kristal Zalında keçirilən taekvondo üzrə dünya çempionatı başa çatıb.
Dünya Taekvondosunun Prezidenti Çunqvon Çu Bakı 2023 taekvondo üzrə dünya çempionatını yüksək qiymətləndirərək bu fikirləri səsləndirib: “Azərbaycanın paytaxtı Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı ən tarixi yarışlardan biri kimi yadda qalacaq. Dünya Taekvondosunun 50 illik yubileyi münasibətilə keçirilən görkəmli mundial Olimpiya idman növümüzün gözəl nümayişi oldu”.
Çempionatın yekununda Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov dünya çempionatının bayrağını növbəti yarışa ev sahibliyi edəcək Çin Taekvondo Federasiyasının rəsmisinə təqdim edib. Bağlanış mərasimində uğurlu çıxışlara görə mükafatlar da öz sahiblərini tapıb:
Kişilərin ən dəyərli döyüşçüsü – Park Tae-Jun (Koreya)
Qadınların ən dəyərli döyüşçüsü– Merve Dinçel (Türkiyə)
Ən yaxşı kişi hakim – Ayman Adarbeh (İordaniya)
Ən yaxşı qadın hakim – Byung Hee Kim (Bruney)
Aktiv iştirakçı mükafatı – Kanada
Ən yaxşı döyüşçü ruhu mükafatı – Azərbaycan
Tədbir ilə bağlı paylaşımlar sosial mediada böyük maraq doğurub. #Baku2023wtc həştaqı ilə olan videolar “TikTok” video platformasında 30 milyon izlənməni keçib. Mundiala dair canlı yayımlar 1.6 milyondan çox baxış toplayıb.
Yarışlar üçün qeydiyyatdan keçmiş 144 ölkədən 9 ölkənin idmançısı 15 qızıl medal qazanaraq dünya çempionu olub. Ümumilikdə 24 ölkə çempionatdan medallarla ayrılıb.
Kişilərin medal sıralamasında Koreya, qadınların sıralamasında isə Türkiyə birinciliyə imza atıb. Medal qazanan 64 idmançıdan 10-u ilk dəfə dünya çempionları sırasında yer alıb. Daha 31 idmançı dünya çempionatında ilk medallarına sahib olub. İdmançıların sırasında əksər taekvondoçuların yaşının 24-dən aşağı olması gələcək illərdə bu idman sahəsində gənclərin sayının artacağının göstəricisidir.
Ölkə | Qızıl | Gümüş | Bürünc | Toplam |
Cənubi Koreya | 3 | 1 | 0 | 4 |
Türkiyə | 3 | 0 | 3 | 6 |
Xorvatiya | 2 | 1 | 3 | 6 |
Fransa | 2 | 0 | 0 | 2 |
Fərdi neytral idmançılar | 1 | 1 | 5 | 7 |
Böyük Britaniya | 1 | 1 | 2 | 4 |
İran | 1 | 0 | 2 | 3 |
Fil Dişi Sahili | 1 | 0 | 1 | 2 |
Macarıstan | 1 | 0 | 0 | 1 |
İtaliya | 1 | 0 | 0 | 1 |
Tailand | 0 | 3 | 0 | 3 |
İspaniya | 0 | 1 | 3 | 4 |
Özbəkistan | 0 | 1 | 3 | 4 |
Braziliya | 0 | 1 | 1 | 2 |
Çin | 0 | 1 | 1 | 2 |
İordaniya | 0 | 1 | 1 | 2 |
Meksika | 0 | 1 | 1 | 2 |
Tayvan (Çin) | 0 | 1 | 0 | 1 |
Serbiya | 0 | 1 | 0 | 1 |
Amerika Birləşmiş Ştatları | 0 | 1 | 0 | 1 |
Misir | 0 | 0 | 2 | 2 |
Avstraliya | 0 | 0 | 1 | 1 |
Kolumbiya | 0 | 0 | 1 | 1 |
Yaponiya | 0 | 0 | 1 | 1 |
Norveç | 0 | 0 | 1 | 1 |
Toplam medal sayı | 16 | 16 | 32 | 64 |