İyunun 2-də Heydər Əliyev adına İdman Konsert Kompleksində buz meydançasının açılışı olub.
Medianews.az xəbər verir ki, Tədbirdə dövlət rəsmiləri, olimpiya çempionları, idman funksionerləri və digər tanınmış simalar iştirak edib.
Kompleksin əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə qoyulub. Müxtəlif illərdə köməkçi zallarda buz meydançası fəaliyyət göstərib. Bu yaxınlarda isə Gənclər və İdman Nazirliyi tərəfindən kompleksin əsas zalında buz meydançası qurulub. Belə ki, buz meydançası aidiyyəti üzrə istifadəyə verilib. Kompleksin digər idman növləri üzrə istifadə olunması nəzərdə tutulmur.
Tədbirin bədii hissəsi başa çatdıqdan sonra gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, arena nazirliyin balansındadır və bütün xərcləri nazirlik qarşılayacaq.
“Qış idman növlərinin buzüstü oyunlar sinifinə aid olan bütün yarışların keçirilməsi üçün arenada maksimin şərait yaradılıb. Kompleks daxili və beynəlxalq turnirlərin keçirilməsi üçün tam hazırdır”, – deyə nazır bildirib.
Qeyd edək ki, burada fiqurlu konkisürmə və hokkey idman növlərinin inkişaf etdirilməsi üçün tələb olan hər bir imkan var. Müxtəlif yaş qrupları üzrə bölmələr fəaliyyətə başlayacaq.