Müasir dövrümüzdə Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Bu gün idmançılarımız Azərbycanın üçrəngli bayrağını bayraqlar içərisində qürurla dalğalandırırlar.
Ölkəmizi dünya arenasında layiqincə təmsil edən idmançılardan biri də Eduard Məmmədovdur.
O, peşəkar kikboksçu, 26 qat dünya çempionu, 9 qat Avropa çempionu, 9 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionu, peşəkarlar arasında dünya çempionu, peşəkarlar arasında “WAKO” versiya üzrə interkontinental kəmərin sahibi və dünya çempionu, peşəkarlar arasında “IKBO” versiya üzrə dünya kəmərinin sahibi, əməkdar idman ustası, əməkdar məşqçi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini, Milli komandanın baş məşqçisinin köməkçisidir.
Medianews.az-ın suallarını bu dəfə elə məhz Eduard Məmmədov cavablandırıb.
– Eduard müəllim, bu gün 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bir müəllim kimi, illərdir ki, uşaqlarla işləyirsiniz. Uşaqlarla işləmək sizin üçün çətin deyil?
– Uşaqlarla işləmək çətin deyil. Onlarla işləmək üçün ilk növbədə səbir tələb olunur. Hər bir uşağın öz xarakteri var. Sakit uşağı həvəsləndirmək lazımdır ki, yaxşı nəticə göstərsin. Nadinc uşağı isə sakitləşdirirsən ki, özünü idarə etməyi öyrənsin.
Valideyn uşağı idmana yönəldir ki, fiziki gücü, özünə inamı artsın. Rayon uşaqları, şəhər uşaqlarından fərqli olaraq, daha qüvvətli olur. Çünki onlar daha çox oynayır, qaçırlar. Şəhərdə böyüyən uşaq isə daha qapalı mühitdə olur. Oynamaq, qaçmaq, hərəkət etmək imkanı o qədər də olmur. Çünki valideynlər uşağını həyətə qoymaqdan çəkinirlər. Həqiqətən də, çətin bir dövr olduğu üçün valideynləri qınamaq olmur. Lakin valideyn övladını hansı idman növündə görürsə, ona yönəltməlidir: üzgüçülük, futbol, karate, cüdo və s.
Uşaqlar həm dərslə, həm də idmanla məşğul olsalar, daha sağlam və daha savadlı olarlar.
– Bəs siz öz övladınızı hansı idman sahəsinə yönləndirmisiniz? Bu sizin seçiminiz olub, yoxsa özünün?
– Mən öz övladımı ilk öncə üzgüçülüyə apardım. Üzgüçülüklə yanaşı, futbola da qoydum. Amma övladım mənə “Ata, mən sənin kimi, kikboksçu olmaq istəyirəm” dedi. Seçim özünün oldu. Əslində, övladımın bu seçimi mənim üçün qürurvericidir. Biz uşaq vaxtı özümüzə kumir kimi Jan Klod Van Dammı, Brüs Lini seçirdik. İndi isə uşaqlar öz müəllimini, valideynini kumir seçir.
Övladım Raul Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən kikboksinq üzrə dünya kubokunda ikinci yeri tutub. Üç döyüşü qalib gələn Raul axırıncı döyüşdə bir xal hesabı ilə məğlub olub. Lakin mən onu məğlub hesab etmirəm. O, qalibdir. Mən öz övladımla yanaşı, digər şagirdlərimi də öyrətməyə çalışıram ki, ruhdan düşmək olmaz. İdmançıya ilk növbədə ruh yüksəkliyi vermək, bacaracağına inandırmaq lazımdır.
– Bu gün sizin şagirdləriniz öz uğurları ilə Azərbaycan bayrağını dünya arenalarında ucaldır. Onlar yarışda iştirak edən zaman hansı hisslər keçirirsiniz?
– Mən öz şagirdlərimlə fəxr edirəm. Çünki onlar Azərbaycanı layiqincə dünyada tanıdırlar. Hər zaman mən onlara deyirəm ki, çəkdiyiniz əziyyətin bəhrəsini görəcəksiniz. Doğrudan da, bu gün tələbələrim arasında dünya və Avropa çempionları var ki, onlarla qürur duyuram. “Ağ canavar” ləqəbli tələbəm Amil Quliyev 400–dən çox döyüş keçirib və hər birində qalib olub. 17 yaşlı Amil Quliyev “WAKO” versiyası üzrə iki dəfə dünya, üç dəfə Avropa çempionu və dörd dəfə dünya kubokunun sahibidir. Bu yüksək nəticə böyük uğurdur.
“Tayson” ləqəbli Elvin Məmmədov da kikboqsinqin “WAKO” versiyası üzrə ikiqat dünya çempionu, üçqat dünya kubokunun sahibidir. May ayında keçirilən yarışda hər ikisi dünya kubokunu qazanıblar.
– İllərin peşəkar idmançısı, müəllimi kimi, sizin fikirinizcə, uğurun sirri nədədir?
– Fikirimcə, uğurun sirri qarşıya qoyulmuş məqsədə çatmaqdadır. Adətən savadlı insan qarşısına məqsəd qoyur və mübarizədən geri çəkilmir. Hər bir gəncin məqsədi olmalıdır. Əgər bir gənc məqsədsiz yaşayırsa, o, həyatda heç nəyə nail olmayacaq. Ona görə çalışmalıyıq ki, uşaqları, gəncləri düzgün istiqamətləndirək. İnsan özünə və iradəsinə güvənməlidir. Əziyyət çəkmədən heç bir nailiyyəti əldə etmək olmaz. Bu, bütün sahələrdə, ən çox da idmanda belədir. Hər bir uğur insanın əziyyəti, alın təri hesabına olur. Mən hər zaman tələbələrimdən əvvəl dərslərinə diqqət etmələrini, sonra məşqlərinə vaxt ayırmağı tələb edirəm. Çünki savadlı idmançı ilə işləmək daha yaxşı nəticə verir, bu zaman uğur əldə etmək asan olur. Savadlı idmançı qarşısına qoyduğu məqsədə çatmaq üçün gecə-gündüz çalışır.
– Bu günün uşaqları keçmiş dövrün uşaqlarıdan nə ilə fərqlənirlər?
– Bu günün uşaqları bizim dövrün uşaqlardan çox fərqlənir. Dövrümüz kompüter dövrü olduğu üçün uşaqlarda inkişaf daha sürətli gedir. Sosial şəbəkələrdən istifadə edən yeniyetmələr daha məlumatlı olurlar. Amma bəzən sosial şəbəkələr uşaqların davranışına mənfi təsir göstərir. ”TikTok”da bəzən pis vərdişlər təbliğ edilir. Uşağa isə bu təbliğat maraqlı gəlir və o, zamanla həmin vərdişlərdən istifadə etməyə başlayır. Sonda isə xoşagəlməz hadisələr yaşanır.
Ona görə də valideyn nəzarəti mütləqdir. Bəzən valideynlər uşaqlarına nəzarət etmirlər. Belə olan zaman gərək nənə, baba diqqət etsin. Uşaqları boş buraxmaq olmaz. Uşaqlar ya dərslə, ya idmanla məşğul olmalıdırlar ki, boş vaxtları qalmasın. Demirəm, uşağı sıxmaq lazımdır. Amma diqqətdən kənar qoymaq olmaz. Qeyd etmək lazımdır ki, valideynlərlə yanaşı, müəllimlərin də üzərinə məsuliyyət düşür.
– Sizcə, valideynlər övladlarını pis vərdişlərdən necə qoruya bilərlər?
– Biz savadlı idmançı yetişdirməliyik, çünki belə idmançı pis vərdişlərdən uzaqdır: o, dərs və məşqlərinin olduğunu fikirləşir. Digər tərəfdən də, sağlam bədəndə sağlam ruh olar. Bir idmançı, müəllim kimi əsas məqsədim uşaqlarımızın və gənclərimizin sağlam ruhda böyüməsidir. Bu gün idmanla məşğul olan hər kəs Avropa, dünya çempionu olmur. Burada əsas şərt sağlam, güclü, gümrah olmaqdır. Ona görə çalışmalıyıq ki, uşaqları, gəncləri düzgün istiqamətləndirək.
Biz uşaqlara pis vərdişlərdən uzaq olmağı aşılamalıyıq. Siqaret, narkotik, içki, qəlyan və digər zərərli vərdişlərin insan həyatını məhv etdiyini onlara izah etməliyik. Tərbiyə ilk öncə ailədən, məktəbdən gəlir. Əgər uşaq sonradan idmana gedirsə, biz də ona nəyin doğru, nəyin yanlış olduğunu izah edirik. Bu gün kimsə hər hansı bir uşağa narkotik maddə və ya içki verib, dadmağı təklif edə bilər. Amma bunun zərərlərini bilən uşaq həmin insaları öz yanından uzaqlaşdıracaq. Təəssüf ki, tez təsir altına düşürək həyatını məhv edən gənclərimiz var. İnsan özünə və iradəsinə güvənməlidir.
– Siqaret və digər vərdişləri olan yeniyetmələr bunları tərgidib idmana gələ bilərlərmi?
– Mən hər zaman çalışıram yeniyetmələrə, gənclərə dəstək olum. Bəzən yaxınlaşıb mənə deyirlər: “Mən siqaret çəkirəm. İdmanla məşğul ola bilərəm?” Deyirəm: “Əlbəttə, ola bilərsən. Bu vədişini tərgit və başla. Çünki heç vaxt gec deyil”.
Bu gün həmin gənclər uğurları ilə məni sevindirirlər. Yeniyetmələri həvəsləndirmək, ruhandırmaq, onlara dəstək olmaq lazımdır. “Səndən heç nə olmaz, sən yaxşı deyilsən” dedikdə uşaq düzələn deyil. Belə tənqidi yanaşma ilə cəmiyyətimizi uçuruma aparmışıq olarıq.
– Bu gün uşaqlarımızın fiziki və mənəvi inkişafı üçün ölkədə hansı tədbirlər görülür?
– Vaxtaşırı yeniyetmələrlə, gənclərlə görüşlər təşkil edilir, müxtəlif mövzuları əhatə edən təlimlər keçirilir.
Düşünürəm ki, gənclər arasında maarifləndirmə aparmaq lazımdır. Vətənpərvərlik mövzusunda tədbirlər nə qədər çox olsa, sabahın güclü əsgərlərinin sayı da o qədər artar.
Bugünkü uğurumuzu şəhidlərimizə, qazilərimizə borcluyuq. Cənab İlham Əliyev başda olmaqla, gənc vətənpərvərlərimizin gücü sayəsində 44 günlük Vətən müharibəsində qələbə çaldıq. Məhz Ali Baş Komandanımızın xüsusi diqqətinin bariz nümunəsidir ki, Azərbyacan istər siyası, istər idman arenasında öz sözünü deyir. Bu gün Prezidentimiz tərəfindən idmana göstərilən diqqət dünyanın heç bir yerində yoxdur.
Milli Məclisin vitse-spikeri, Azərbaycan Kikboksqin Federasiyasının fəxri prezidenti Adil Əliyev və Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev hər zaman gənclərimizə dəstəkdirlər. Onlar gənclərimizin pis vərdişlərdən uzaq duraraq idmana gəlməsinə, uğurlara imza atmasına yaxından dəstək olurlar.
– Sonda yetişməkdə olan nəsillə bağlı tövsiyələrinizi bilmək istərdik.
– Uşaqlarımız bizim gələcəyimizdir. Onları aqressiyadan kənar yetişdirməli, məqsədlərinə çatmaqda onlara yardımçı olmalıyıq. Arzum budur ki, balalarımız düzgün yaşasın.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “ uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.