Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondunun (UNICEF) verdiyi açıqlamada bir çox ölkənin vəba epidemiyası ilə üzləşdiyi bildirilib.
Medianews.az xarici mediaya istinadla xəbər verir ki, 43 ölkədə bir milyard insanın vəba riski altında olduğu qeyd edilən açıqlamada, xüsusilə 5 yaşdan kiçik uşaqlarda bu riskin çox daha yüksək olduğu vurğulanıb.
Açıqlamada qeyd olunub ki, vəba xəstəliyindən ölüm halları həyəcan verici səviyyədə artıb.
ÜST-nin qlobal vəba reaksiyası üzrə direktoru Henri Qrey qeyd edib ki, onlar vəba hadisələrinin mövsümi olaraq dəyişə biləcəyini və daha çox arta biləcəyini proqnozlaşdırırlar:
“Son onilliklər ərzində vəba epidemiyası ilə mübarizədə böyük irəliləyiş əldə olunub. Lakin hazırda vəziyyətin geriyə doğru getməsi riskini daşıyırıq”.
UNİCEF ilə sıx əməkdaşlıqda çalışdıqlarını ifadə edən Qrey, 2025-ci ilə qədər peyvənd dozalarını ikiqat artırmalı olacaqlarını bildirib:
“Peyvəndləmə bir vasitədir, amma ümumi bir həll yolu deyil. Su kanalizasiyasına investisiyalar prioritetlər arasında olmalıdır. Bunun üçün təcili vəsaitə ehtiyacımız var”.
Medianews.az