“Sosial sahibkarlıq iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir və bu sahələrdə yaranan problemlərin həllinə öz töhfəsini verir. Sosial sahibkarlığı ənənəvi sahibkarlıqdan fərqləndirən ən mühüm xüsusiyyətlərindən biri də onun çevik olmasıdır”.
Bu sözləri Medianews.az –a sosial sahibkarlıq məsələləri üzrə ekspert Gülnarə İsmayılova deyib.
Gülnarə İsmayılovanın sözlərinə görə, böhran prosesləri vaxtı sosial sahibkarlar bazar şərtlərinə uyğun olaraq dəyişikliklərə operativ cavab verir:
“Həmçinin sosial sahibkarlıq BMT – nin Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaqda vacib rol oynayan vasitədir. Çünki sosial sahibkarlıq sosial, eyni zamanda ekoloji problemlərin effektiv həll yollarını tapmaqda kömək edir , bura innovativlik gətirir və çalışır ki, onun gətirdiyi həll yolları davamlı olsun. Sosial sahibkarlıqda biznes fəaliyyətinin yeni usulları təklif olunur.Yəni , sosial müəssisələr mənfəət əldə etməklə yanaşı sosial və ətraf mühitlə bağlı ekoloji problemlərin həllinə eyni dərəcədə üstünlük verir. Sosial sahibkarlar ictimai dəyərlərə , inkişafa kömək edən dəyişiklik bələdçilərinə çevirilirlər. Sosial müəssisələr yaranan zaman əhalinin daha çox həssas qruplardan olan insanların tələbatlarının ödənilməsinə və eyni zamanda xidmət göstərmək üçün onlara müxtəlif yollar təklif edirlər. Avropa komissiyasının məlumatına görə, sosial sahibkarlıq sektorunda dünyada hazırda 40 milyon insan çalışır və bu sektor günü – gündən inkişaf etməkdə davam edir. Sosial sahibkarlığın dünyadakı rolunu nəzərə alsaq , deyə bilərik ki, Azərbaycanda da bu sahənin inkişafına çox ciddi ehiyac var”.
Ekspert qeyd edir ki, hazırda Azərbaycanda sosial sahibkarlıqla bağlı müxtəlif proqramlar keçirilir. Bu proqramlar beynəlxalq qurumlar tərəfindən həyata keçirilir:
“Azərbaycanda isə yerli təşkilat olaraq “Education HUB” bu sahə ilə məşğuldur və bir neçə ildir ki, aparıcı oyunçulardan biridir. “Education HUB” müxtəlif istiqamətlərdə fəaliyyət göstərir. Bu fəaliyyətlərin ən birincisi məlumatlıq səviyyəsinin artırılması və maarifləndirmədir. Çünki ictimaiyyət arasında maarifləndirməyə ehtiyac var. Biz mütəmadi olaraq bu sahə haqqında məlumatlar veririk və düşünürük ki, media bu yolda bizə kömək edə bilər. Bu ehtiyacı nəzərə alıb may ayının 20-si və 21- də jurnalist və blogerlər üçün təlim təşkil etdik. Biz insanlarda bu sahəyə olan marağın şahidi olduq”.
Gülnarə İsmayılova onu da vurğulayır ki, hazırda sosial sahibkarlıqla bağlı qanunvericilik mövcud deyil:
“Bir neçə il bundan öncə bizim tərəfimizdən qanun hazırlanaraq müvafiq qrumlara təqdim olunub. Hazırda sosial sahibkarlıqla bağlı qanunvericilik bazasının yaradılması məqsədi ilə Dövlət Məşğulluq Agentliyinin nəznində müxtəlif qurumun ekspertlərindən ibarət işçi qüvvəsi yaradılıb. Biz də “Education HUB” olaraq həmin işçi qrupunun üzvüyük. Hazırda işçi qrupu dövlət qrumları ilə əməkdaşlıqda qanunvericik bazasının hazırlanması , təkliflərin toplanması və müzakirələrin təşkili ilə məşğuldur. Düşünürük ki, sosial sahibkarlıqla bağlı qanunvericilik sahəsində irəliləyiş əldə edə biləcəyik.
Digər mühüm bir məsələ sosial sahibkarlıqda maliyyə ilə bağlıdır. Burada da müxtəlif istiqamətlərdə əlimizdən gələn imkanı yaratmağa səy göstəririk. Çalışırıq ki, beynəlxalq proqramları Azərbycana gətirək və eyni zamanda yerli qurumlarda olan maliyyələşdirmə imkanları haqqında sosial sahibkarlara məlumatları verək. Digər bizim işlədiyimiz sahə qeyri – maliyyə dəstəyinin göstərilməsidir. Bizim müşahidələrimiz göstərir ki, sosial sahibkarlara maliyyə resuslarına çıxışdan ilk öncə onların qeyri- maliyyə dəstəyinə ehiyacı var. Onların isitutsional inkişafa- maarifləndirməyə ehtiyac var.
Digər vacib amillərdən biri də bu sahədə şəbəkələşmədir. Sosial sahibkarlar arasında şəbəkələşməyə ehtiyac hiss edirik. Bu sahədə çalışanlar və dövlət qurumları mütamadi olaraq bir araya gəlməlidirlər”.
İqtisadçı Samir Əliyev isə hesab edir ki, sosial sahibkarlıq fəaliyyəti müxtəlif qrupların, şəxslərin, şirkətlərin, o cümlədən startapların sosial, mədəni və ekoloji problemlərin həllinə yönəlik fəaliyyətini özündə əks etdirir:
“Sosial sahibkarlığın ənənəvi sahibkarlıqdan fərqi əsas məqsədinin mənfəət götürmək olmamasıdır. Ənənəvi sahibkarlıq resurslarının səmərəli sərfiyyatı vacib xarakter daşıdığı halda sosial sahibkarlıqda əsas hədəf cəmiyyətə fayda verməkdir. Bu fayda sosial, mədəni və ekoloji sahələri əhatə edən problemlərin, o cümlədən yoxsulluqla mübarizə, cəmiyyətin inkişafı, səhiyyə kimi sahələrdə mövcud olan problemlərin həllini nəzərdə tutur. Sosial sahibkarlıq müəssisələrinin əsas məqsədi cəmiyyətə sosial baxımdan töhfə verməkdə olan kommersiya və qeyri-kommersiya imkanlarına malik hüquqi şəxsdir. Burda əsas məsələlərdən biri odur ki, bu müəssisələr öz maliyyə dayanıqlığını təmin etməyə qadir olmalıdır, fəaliyyətləri innovasiyaya əsaslanmalıdır. Böyük Britaniya, İtaliya, Sloveniya, Skandinaviya ölkələri, Koreya, Malayziya, Hindistan, Banqladeş kimi ölkələr sosial sahibkarlıq sahəsində aparıcı ölkələr hesab olunur”.
İstisadçının sözlərinə görə sosial sahibkarlıq Azərbaycan üçün yeni sahədir:
“Lakin hökumət əhalinin həssas qrupu olan əlillərin, məcburi köçkünlərin, şəhid ailələrinin, qadınların sosial müdafiəsini güclənirmək üçün sahibkarlığın inkişafı ilə bağlı qəbul etdiyi qanunvericilik aktlarında onlar üçün müəyyən güzəştlər nəzərdə tutulub. Bu güzəştlər həmin kateqoriyadan olan şəxslərə münasibətdə həm vergi rejiminin tənzimlənməsində, həm müxtəlif növ ödənişlərin həcmində, həm də maliyyəyə çıxış imkanlarının artırılmasında özünü göstərir. Hökumətin son illər qəbul etdiyi və onun strateji baxışlarını ifadə edən Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər kimi sənədlərdə sosial sahibkarlığın inkişafına ayrıca siyasət kimi yox, ümumi siyasətin bir elementi kimi yanaşılıb. Bu sahədə təşəbbüslərin artması meyilləri müşahidə edilsə də bu təşəbbüslər daha çox fərdi təşəbbüslərin məhsulu kimi ortaya çıxır. Ölkədə sosial sahibkarlığa sistemli yanaşmanın olmamasının səbəbi qanunvericilikdən qaynaqlanır. Çünki ayrı-ayrı elementlərin olmasına rəğmən milli qanunvericilikdə sosial sahibkarlıq fəaliyyətinə əsasən ümumi sahibkarlıq kontekstindən yanaşılır”.
Samir Əliyev qeyd edir ki, hazırda hökumət beynəlxalq təşkilatların dəstəyi ilə müxtəlif proqramlar həyata keçirir:
““Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı”, “Qafqazda Aztəminatlı Məcburi Köçkünlərin və Yerli Əhalinin Sosial və İqtisadı İnkişafı” kimi layihələri misal göstərmək olar. Bu layihələr çərçivəsində həssas qruplar olan əlillərin, işsizlərin, qadınların, qaçqınların, gənclərin işlə təmin olunmasına dəstək verilir.
Sosial sahibkarlığın mahiyyəti, prinsipləri, missiyası barədə maarifçilik işlərinin aparılması daha yaxşı nəticələr verə bilər. Bu sfera üzrə araşdırmaları özündə əks etdirən internet resurslarının yaradılması, kadrların hazırlanması bu sahəyə marağın artmasına səbəb ola bilər. Bundan başqa qanunvericiliyə sosial sahibkarlıq anlayışlarının daxil edilməsi və sosial sahibkarlığın xüsusi status qazanması üçün ayrıca qanunvericilik aktının qəbulu məqsədə uyğun olardı”.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi”mövzusunda hazırlanıb.