“İlham Əliyev və Nikol Paşinyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel üçtərəfli görüşlə bağlı verdiyi açıqlamasında səsləndirib.
“Bakı və İrəvan Azərbaycanın 86,6 min kvadrat kilometr, Ermənistanın isə 29,8 min kvadrat kilometr ərazisinə hörmətlə yanaşır”, deyə o vurğulayıb.
Onun sözlərinə görə, məhbuslar yaxın həftələrdə azadlığa buraxılacaqlar:
“Belə bir razılaşma bu gün Azərbaycan və Ermənistan liderləri tərəfindən əldə olunub”.
Ancaq Avropa Şurasının Prezidenti söhbətin hansı məhbuslardan getdiyini açıqlamayıb.
Şarl Mişel əlavə edib ki, İlham Əliyev və Nikol Paşinyan müvafiq qruplara dəmir yolu kommunikasiyalarının açılması üzərində işləməyi tapşırıblar.
Bundan əlavə, o, növbəti görüşlərin Brüssel formatında müntəzəm keçirilməsi barədə razılığın əldə olunduğunu vurğulayıb.
Avropa İttifaqı Şurasının Prezidenti bildirib ki, İlham Əliyev və Nikol Paşinyan iyulda onun vasitəçiliyi ilə növbəti görüş keçirəcək.
Qeyd edək ki, Brüsseldə 4 saata yaxın davam edən İlham Əliyev-Mişel-Paşinyan üçtərəfli görüşü başa çatıb.