Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən bu gün Moskvada keçirilən “Qələbə günü” şənliklərinə qatılan Rusiya prezidenti Vladimir Putin bir sıra fikirləri açıqlayıb.
Medianews.az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada Qızıl Meydanda Sovet İttifaqının İkinci Dünya Müharibəsində faşist Almaniyasını məğlub etdiyi “Qələbə günü”nün qeyd edilməsi mərasimi keçirilib.
Yüksək təhlükəsizlik tədbirləri altında bu gün keçirilən tədbirdə Rusiya prezidenti Vladimir Putin də açıqlamalar verib.
“Ölkəmizə qarşı əsl müharibə gedir”, -deyə bildirən Putin qeyd edib ki, biz dinc gələcək görmək istəyirik:
”Qərb elitaları Rusiyaya qarşı nifrət və düşmənçilik yayırdılar. Məqsədləri ölkəmizi məhv etməkdir. Ukrayna xalqı dövlət çevrilişinin və qərbin məqsədlərinin əsirinə çevrilib. Biz faşist Almaniyası üzərində qələbədə Sovet İttifaqı xalqının və İkinci Dünya Müharibəsində ABŞ, İngiltərə və Çinin oynadığı rolları xatırlayırıq”
Rusiya ilə Ukrayna arasındakı müharibədən də danışan Putin bu fikirləri də ifadə edib:
“Ukraynada xüsusi hərbi əməliyyatda iştirak edənlərlə də fəxr edirik. Bütün ölkə qəhrəmanlarımızı dəstəkləmək üçün bir araya gəldi, sizin üçün dua edirik”.