“Bu gün dünyada siqaretə qarşı ciddi mübarizə gedir. Ona görə də insanların siqaretin əvəzləyici olan elektron siqaretlərdən istifadə etməsi normaldır”.
Bu sözləri Medianews.az –a pulmanoloq Əsəd Beydullayev bildirib.
Pulmanoloq qeyd edib ki, 2006-cı ildən elektron siqaretlər tütün məmulatlarının əvəzləyicisi kimi istifadə edilməyə başlanıb:
“Lakin elektron siqaretlər heç də siqareti atmaq üçün yaxşı vasitə deyil . Desək ki, adi siqaretdənsə elektron siqaret daha yaxşıdır, yalan olar. Bəlkə də marketinq xodu olaraq siqaretin əvəzləyicisi kimi, daha zərərsiz təqdim edilir. Lalkin bu belə deyil…
Bu siqaretin tərkibi inqalatordur.Yəni, bu cihaz kimidir.Həmin qablaşdırılmanın içində tökülən maddənin buxar halına çevirilməsi vasitəsi ilə nəfəsə çəkilir və sanki insanda siqareti çəkirmiş kimi bir hal baş verir. Elektron siqaretlərin tərkibində yüksək dərəcədə asılılıq yaradan nikotin var.
Elektron siqaretlər yüksək dərəcədə asılılıq yaradan, beyin inkişafına mənfi təsir göstərən bir vasitədir.
Bu vasitədən istifadə insanlarda insult, infarkt, angina və ürək xəstəliyi riskinin artmasına səbəb olur. Elektron siqaretdən istifadə zamanı kifayət qədər su sərf olunmur, çünki orqanizm qoruyucu refleks kimi bəlğəm çıxara bilir. Bu da sonradan insan orqanizmində bir çox problemlərin yaranmasına səbəb ola bilər”.
Əsəd Beydullayevin sözlərinə görə son zamanlar gəncləri, xüsusi ilə qadınları elektron siqaretlərin qablaşdırılması, özünəməxsus qoxusu cəlb edir:
“Təəssüf ki, bu gün elektron siqaretlər qadınlar arasında bir şarm – dəb halına çevirilib. Yanlış yanaşmadır…
Elekton siqaretlər təhlükəli vasitədir və bunun tərkibində sintetik maddələr var. Təəssüf ki, qadınlar nikotin alüdəçisi olan zaman daha çox zədələnirlər və bu fəsadlar özünü tez göstərir. Elektron siqaretlərdən istifadə qadınlarda diş ətinin qaralmasına, səs tonunun kobudlaşmasına, təngənəfəsliyə, maddələr mübadiləsinin pozulmasına səbəb olur. Hətta bu vasitədən istifadə ana olacaq qadınlarda dölün formalaşmasında fəsadlar yarada bilər. Qadınlar cəmiyyətimizin üzüdür. Heç bir qadına belə vasitələri rəva görmürəm. Çünki qadın hər zaman incə məxluqdu və bunu qoruyub saxlamalıdırlar”.
Uzman Çağla Xurşud Hüseynova Medianews.az –a bildirir ki, elektron siqaretlər digər tütün məhsulları qədər təhlükəlidir:
“Bu gün tütün sənayəsi öz məqsədinə çatır. Elektron siqaretlər adi siqaretdən imtina üçün bir vasitədir. Bu vasitə yaradılarkən məqsəd o olub ki, zərəri azaldılmış olsun. Çox qəribədir ki, elə məhz bu vasitəni yaradan da tütün məhsullarını istehsal edən şirkətlərdir.
Tərkibində nikotin olan elektron vasitə necə adi siqareti əvəz edə bilər?
Adi siqaret kimi elektron siqaret də asıllıq yaradan vasitədir. Təəssüf ki, bu gün gənclər xüsusi ilə qadınlar arasında elektron vasitələrdən istifadə edənlərin sayı günü-gündən çoxalır və onlara bu vasitə daha cazibəli gəlir. Lakin elektron siqaretlərin tərkibində konservantlar çoxluq təşkil etdiyi üçün daha ziyanlıdır. Hələ bu vasitənin insanlarda hansı mənfi təsirləri olacaq, zamanla bilinəcək.
Bir neçə il öncə ABŞ–da bir qrup gənclər ağciyər çatışmamazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirildi. Həmin gənclərin çoxunun elektron siqaretdən istifadə etdiyi üzə çıxdı. Elektron siqaretlərin ağciyəri zədələdiyi məlum oldu. Sonradan aparılan elmi araşdırma onu göstərdi ki, elektron siqaretlər təkcə ağciyərdə yox, orqanizmin digər üzvlərinə də mənfi təsir göstərir. Yəni, elektron siqaret həyatımıza daha əvvəl olmayan xəstəlik gətirdi. Eyni zamanda elektron siqaretlər ağciyər xərçənginin yaranmasına da səbəb olur”.
Uzman Çağla Xurşud vurğulayır ki, bu gün qəlyandan istifadə edənlərin sayı da gündən – günə artır:
“ Təsəvvür edin ki, bir dəfə qəlyanı istifadə edən insan 50 ədət siqaret çəkmiş olur. Bu insan üçün daha təhlükəlidir. Bu təhlükəni bir kənara qoyaq. Qəlyanın infeksion riski daha təhlükəlidir. Qəlyan bir çox xəstəliklərin daşıyıcısıdır. Nəzərə alsaq ki, Azərbaycanda vərəmdən əziyyət çəkən insanlar var. Qəlyan da bu xəstəliyin yayılmasını sanki, sürətləndirir. Çünki nə qədər qəlyanın başlıqları yuyulsa da , həmin qabda vərəm çöpləri qalır və bu da böyük fəsadların əmələ gəlməsinə səbəb ola bilər. Eyni zamanda təkcə vərəm deyil, digər infeksion xəstəliklərin yayılmasına yol aça bilər”.
Mehin Mehmanqızı
Medianews.az