Zaman-zaman istər yaxınlarımızda, istərsə də bizə yad olan gənclərin idman zallarında davamlı olaraq ”ağırlıqqaldırma”, ” bədən formalaşdırma”, ”əzələbərkitmə” kimi ideyaları ilə məşğul olduğunu görürük. Amma hər zamanmı bu istəklər sırf təbii enerji və ya orqanizmin natural gücü hesabına baş verir?
Məsələ barədə Medianews.az-a danışan tibb üzrə fəlsəfə doktoru Ramin Qasımov bildirib ki, televiziya və internet saytlarında, eləcə də xüsusi firmalar tərəfindən təklif olunan “proteinlər”, “anabolik steroidlər” və digər kimyəvi qarışıq tərkibli köməkçi vasitələrin istifadəsi, bunların fəsadını anlamadan qəbul edən gənclərdə dəb halını almışdır:
Bir cazibədar və ya idmançı bədən forması ugrunda qəbul edilən bu preparatlar bir çox fəsadlara yol açır. Təcrübəmizdə artıq iki gənci məhz bu səbəbdən ölümdən xilas edə bilmədik. Cərrahiyyə və ümumən təbabət bu fəsad qarşısında aciz qaldı.
Anabolik steroidlərin ürək, qan damar sistemi xəstəliklərinə, cinsi zəifliyə, dölyaratma qabiliyyətinə, böyrək patalogiyalarına, sinir sistemi ve immun sistem xəstəliklərinə səbəb oldugunu eşitmiş və oxumuş olarsınız. Amma bu dəfəki nümunə bu preparatların qəbulundan sonra daxili qanaxmadan, təxirəsalınmaz tibbi yardım göstərilməsinə zaman yetməyən bir situasiyadandır.
Həkim pelioz hepatit haqqında da məlumat verib:
Anabolik steroidlərin qəbulundan sonra onların qaraciyərə kəskin toksik təsiri fonunda, qaraciyərdə tək və ya bir neçə ədəd sayda ölümə səbəb kistaların yaranmasına pelioz hepatit deyilir.
Ölçüləri 5 mm dən 5 sm ə qədər və daha böyűk ola bilir.
Adətən pelioz hepatit əlamətsiz keçir. Yəni insan hər hansı bir ağrı və ya narahatçılıq hiss etməyə bilir.
Qəfləti vəziyyətin pisləşməsi, təzyiqin enməsi, huşun itməsi isə artıq bu sistlərin partlaması və daxili qanaxmanın olmasını bildirir.
Bu o deməkdir ki, əgər steroidlərdən istifadə edən idmançı davamlı tibbi müayinə olunmursa, qaraciyərdə və ümumən orqanizmdə gedən dəyişiklikləri kontrol altında saxlamırsa, məhz bu halda ölümə gedən səbəbi də özü ilə daşıyır.
Anabolik steroidlərin nəzarətsiz qəbulu çox təhlükəlidir. Ideal bədən quruluşuna aparan yol sizi bu zaman ölümə də apara bilər. Cərrahiyyə və ümumən təbabət bu qanaxmalarda çox zaman gücsüzdur. Gəncliyinizi zəhərləməyin”.
Medianews.az