Ermənistan Meğridə yeni keçid məntəqəsi tikəcək.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan parlamentində Baş nazir Nikol Paşinyan bildirib.
Deputat Qeqam Nazaryan Ermənistan-İran sərhədində gömrük postunun şəraitinə toxunub. Onun sözlərinə görə, postda problem yaranıb.
“İrandan Ermənistana avtomobillə sərhədi keçmək təxminən bir saat çəkir. Erməni hissəsində isə 3-5 saat çəkir.
Gömrük idarəsi tamamilə çirkab içində itib-batıb. Normal hamam yoxdur. Hətta itlər o vanna otağından istifadə etmir, çox pis qoxu gəlir.
İşçilər kobud və vulqardır. Minik avtomobilləri mikroavtobuslarla eyni növbəyə girirlər.
Gömrük idarəsinin hər yerində vəhşi, quduz itlər var. Nə zibil qabı var, nə də su. Məndən soruşurlar, siz bunu edirsiniz ki, biz Ermənistana gəlməyək?”,- Nazaryan deyib.
Nikol Paşinyan cavab verib ki, bu problemlərin bəzilərini bilir və şəxsən özü qeydə alıb.
“Aİ-nin dəstəyi ilə Meğridə yeni keçid məntəqəsi tikmək qərarına gəldik. Səhv etmirəmsə, biz bu problemi əsaslı şəkildə həll etmək üçün 28 milyon dollarlıq proqram hazırlayırıq”, – deyə o bildirib.