Dünya alimləri Yer planetinin sonunun nə zaman və hansı formada olacağına dair araşdırma aparıblar.
Medianews.az xəbər verir ki, onlar ilk dəfədir ki, bir ulduzun udduğu planeti müşahidə ediblər. Kosmik hadisə təxminən 12.000 işıq ili uzaqlıqdakı Aquila bürcü yaxınlığında görülüb.
Elmi jurnalda dərc olunan araşdırma məqaləsində bildirilir ki, bu müşahidə həm də dünyanın sonunun necə olacağı haqqında fikir formalaşdırır.
Bir ulduzda yanacaq sayıla bilən hidrogen bitdikdə transformasiya baş verir. Ulduz əvvəlcə öz üzərinə bir az çökür, sonra isə milyon dəfə böyüyərək genişlənir.
Qırmızı nəhəng adlanan bu genişlənmə mərhələsində ulduzların özlərinə yaxın olan planetləri udması gözlənilir.
“Independent Turkish”-ə görə bu proses əvvəllər heç vaxt birbaşa müşahidə olunmayıb.
Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçısı Kişalay De bildirib ki, biz planetin udulmasının son mərhələsini müşahidə etmişik.
Hesablamalara görə, ulduz Günəşin kütləsindən 0,8-1,5 dəfə böyük ölçüdə olub. Onun udduğu planet Günəş sisteminin ən böyük planeti olan Yupiterin kütləsindən 1-10 dəfə böyükdür.
Bu fazada Günəşdən gələn radioaktiv hissəciklər o qədər artacaq ki, Yerin maqnit qalxanını aşındıracaqlar. Bu o deməkdir ki, yer üzündəki canlılar radioaktiv hissəciklərə qarşı müdafiəsiz qalacaqlar.
Bundan sonra Günəş genişlənməyə başlayacaq və bəlkə də Yeri udacaq. Merkuri, Venera və ola bilsin ki, Mars da bu prosesdə Yerlə eyni aqibəti yaşayacaq.
Tədqiqatçı Kişalay qeyd edib ki, biz dünyanın gələcəyini görürük:
“Əgər başqa bir sivilizasiya Günəş Yeri udarkən bizi 10.000 işıq ili uzaqlıqdan müşahidə etsəydi, Günəşin bəzi maddələri xaric edərkən qəfildən parıldadığını, daha sonra ilkin vəziyyətinə qayıtmadan ətrafında toz əmələ gətirdiyini görərdilər”.
Aytac Şahin
Medianews.az