“Bu hadisə bir çox valideynlərdə psixoloji sarsıntıya səbəb olub. Ona görə də bu məsələdə maarifləndirmə işləri aparılmalıdır. Sözügedən mövzuya əsaslı nəzarət və araşdırma etmək olduqca vacibdir”
Bu sözləri Medianews.az-a Sumqayıtda məşq zamanı baş verən ölüm hadisəsi ilə bağlı danışan psixoloq Könül Əhmədova bildirib.
O qeyd edib ki, məşqçilərin psixoloji vəziyyəti dərindən araşdırılmalıdır:
“Belə hadisələrin yaşanmaması üçün valideynlər yer seçən zaman bəzi məqamlara diqqət etməlidirlər. Onlar mümkün olduğu qədər onlayn olaraq övladlarının məşq prosesini izləsinlər. Daha yaxşı olar ki, valideynlər bunu öz telefonları ilə etsin. Başqa bir nüans isə idman müəlliminin psixoloji vəziyyətinə diqqət yetirməkdir. Əgər həmin şəxs normal psixologiyadadırsa, bu zaman övladlarını ona təhvil verə bilərlər.
İdmançı və məşq müəlliminin psixologiyasında müəyyən fərqlər var. Çünki idmançılar yarışlara qatılıb, müxtəlif zədələr, həmçinin baş-beyin travmaları alırlar. Bu isə birbaşa olaraq onların psixi vəziyyətinə və sağlamlığına təsir göstərir. Həmin səbəbdən ötrü bu hallara diqqət etmək lazımdır. Buna isə valideynlər yox aidiyyatı qurumlar nəzarət etməlidir. Ümumiyyətlə, məşq müəllimləri bir sıra yoxlanışlardan keçəndən sonra dərslərə qoşulmalıdırlar”.
Psixoloq həmçinin, qeyd edir ki, müəyyən yaş dövründə olan uşaqlara məşq zamanı nəzarət etmək çox önəmli məqamdır:
“Tövsiyyə olunur ki, valideynlər övladlarını hər hansı idman növünə, xüsusilə də bu cür təhlükəli fəndlər olan dərslərə yazdıran zaman həmin prosesi onlayn olaraq təqib etməlidirlər. Çünki müəyyən dövrdən sonra uşaq özünü idarə edir və haqqını tələb etməyi bacarır. Lakin yaş az olduqca o özünü müdafiə edə bilmir və köməksiz qalır. Bu səbəbdən müəyyən yaş dövrünə qədər olan uşaqların idman dərslərini izləmək mütləqdir. Dərsləri ya valideyn özü onlayn olaraq izləsin, ya da həmin yerdə belə bir nəzarət funksiyası olsun. Belə olduğu təqdirdə müəllim də öz məsuliyyətini yaxşı dərk edir”.
Aytac Şahin
Medianews.az