Dünyaşöhrətli aktrisa Ancelina Coli böyük oğlu, 21 yaşlı Maddoks Coli-Pitt ilə birlikdə Ağ Evdə özəl dəvətə qatılıb.
“Qafqazinfo” “Elle” nəşrinə istinadən xəbər verir ki, onlar ötən axşam ABŞ Prezidenti Co Bayden və birinci xanım Cil Baydenin Ağ Evdə təşkil etdiyi şam yeməyinə dəvət olunublar.
Şam yeməyi ABŞ-də səfərdə olan Cənubi Koreya lideri Yoon Suk-Yeolla həyat yoldaşı Kim Keon Heenin şərəfinə verilib.
47 yaşlı “Oskar” mükafatı laureatlı aktrisa illər əvvəl tikilmiş ağ libas və “Chanel” imzalı pencək geyinib. O, geyim tərzi ilə tədbirin ən diqqətçəkən qonaqlarından olub.
Qeyd edək ki, A. Colinin üçü bioloji, üçü övladlığa götürülmüş olmaqla altı övladı var. O, Maddoksu 2002-ci ildə Kambocadakı uşaq evindən övladlığa götürüb.
Məlumata görə, illər əvvəl Ancelina uşaq evində olarkən bütün uşaqlar ağlayırmış. Lakin Maddoks Coliyə baxıb gülümsəyib. Aktrisa məhz buna görə balacanı övladlığa götürmək barədə qərar verib.