Bu gün internetin ən böyük xidmətlərindən biri olan “Netflix” dünyada ən çox tanınan platformasıdır.
Bəs, “Netflix”-in dünya kino platformasında yeri və rolu nədən ibarətdir? ”Netflix” Azərbaycanda çəkilə bilərmi? Azərbaycan filmlərinin “Netflix”ə düşməsi hansı mərhələlərdən keçməlidir?
Mövzu ilə bağlı Medianews.az-a danışan ekspertlər müxtəlif səbəblər gətirərək bu film platformasının Azərbaycandan nümayiş oluna bilməyəcəyini qeyd etdilər.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, kinoşünas, aktrisa, bədii qiraət ustası Zülfiyyə Eldarqızı “Netflix” – də iştirak edib. O, qeyd edir ki, Azərbaycan kinosunun inkişafı üçün mühüm addımlar atılır:
“Ötən həftə Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndərimizin 100 və Azərbaycan Kinosunun 125 illiyinə həsr olunmuş Kino Forumun keçirildi. Bu çox sevindirici hal idi. Forumda ölkənin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən gəlmiş qonaqlar da iştirak edirdilər.
Tədbirdə bu gün kinomuzda olan problemlər, həmçinin dünyanın nəhəng kino platforması olan “Netflix” kino platformasında Azərbaycan filmlərinin iştirak etməməsi məsələləri də müzkirə olundu”.
Ekspert qeyd edir ki, O, “Netflix”in İndoneziya istehsalı olan “Leyli və Məcnun” filmində Leylinin anası rolunda iştirak edib:
“Bu, İndoneziya və Azərbaycanın müştərək filmi idi. Təsadüfən, belə bir təklif aldım və tərəddüd etmədən razılaşdım. 3 gün Şamaxıda çəkilişlərimiz oldu. Rolum o qədər də böyük olmasa da, mənim üçün fəxr hissi idi. Hər aktrisa və aktyorun arzusudur ki, daha böyük bir rol canlandırsın. Bu filmdə Azərbaycanın mənəvi dəyərləri ön planda çəkilirdi. Çəkilişlər olan kənd qədim və tarixi bir yer idi. Çöldə gözəl qar yağırdı. Çəkilişlər çöldə olurdu, soyuq olmaması üçün üstümüzə palto, isti çay, kofe verən xüsusi adamlar ayırmışdılar. Bütün heyət soyuğa baxmayaraq həvəslə çalışırdı. Bir çox filmlərdə yer alsam da buradakı mühit mənim üçün fərqli idi. Heyətin aktyora verdiyi hörmət məni heyrətə gətirirdi. İlk dəfə idi ki, özümü bir aktrisa kimi dəyərli hesab edirdim.
Hətta xalq artisləri belə bildirir ki, biz çəkilişlər zamanı çox əziyyət çəkirik. Sənət adamları həssas olduğu üçün qarşı tərəfdən daim qayğı, hörmət istəyirlər. Lakin bunu görmədikdə inciyirlər”.
Sənətşünasın sözlərinə görə bizdə serial sektoru təzədir deyə hələ tam təkmilləşməmişik:
“Zamanla bizim də film sektoru Avropaya inteqrasiya edəcək. Bizim filmlərin “Netflix”- də olması üçün çalışmalıyıq. İlk növbədə filmlərimiz dramaturji, bəşəri olmalıdır.Yəni, məhəlli idealarla “Netflix”ə düşə bilmərik və bəşəri mövzularla öz sözümüzü deyə bilərik.
44 günlük Vətən müharibəsində qələbə çaldıq və qalib ölkənin vətəndaşlarıyıq. Biz qələbəmizi, şəhidlərimizin həyatını əks etdirən filmlər çəkə bilərik.
“Netflix”ə düşməmiz üçün birinci növbədə ümumbəşəri material, ikinci gözəl rejissor işi, üçüncü maddi durumumuz yaxşı olmalıdır. Eyni zamanda gözəl bir filmin ərsəyə gəlməsi üçün mütləq şəkildə texniki avadanlıq yüksək səviyyədə olmalıdır. Həqiqətən yaxşı aktyorlarımız var. Lakin yaxşı aktyorlarla yanaşı dünya filmlərinə yaxşı bələd olan rejissorlarımız da olmalıdır”.
Zülfiyyə Eldarqızı onu da vurğuladı ki, Azərbaycanda dünya filmlərinin düşüncələrinə bələd olan, onu azərbaycanlaşdıran rejissorlar olmalıdır:
“Əgər bu göstəricilər olarsa, biz “Netflix” ə düşə bilərik. Ümid edirəm ki, uğurlarımız hələ qarşıdadır. Çünki bizim çox istedadlı gənclərimiz var. Sadəcə onlara şərait yaratmaq lazımdır.
Kino ədəbiyyata bağlı olmalıdır. Yəni, ədəbiyyata söykənərək gözəl filmlər ərsəyə gətirmək olar. Ədəbiyyatla kino eyni vəhdət kimidir. Gərək inkişafı da eyni getsin. Çox müasir yazarlarımız var ki, onların əsərlərindən bəhrələnmək olar. İnanıram ki, kinomuz bundam sonra daha da parlayacaq və öz sözünü deyəcək”.
Əməkdar mədəniyyət işçisi, rejissor Ramin Hacıyev isə bildirir ki, yaxşı film çəkmək üçün yaxşı maliyyən olmalıdır:
“Azərbaycanda kino o səviyyədə deyil ki, biz “Netflix”ə bir rəm ataq. Umumillikdə dünya kino aləmində adımız hallanırmı? Yaxşı film istehal edən ölkələr arasında neçənci sıradayıq ki, “Netflix” bizimlə maraqlansın?
Hələ yeni başlamışıq… Çəkilən filmlərimiz beynəlxalq arenaya yeni-yeni çıxır. Ümumən götürəndə biz kino aləmində zəifik. Əgər güclüyüksə, bunu mənə göstərin. Bizim yaxşı, maraqlı idealarımız var. İdeallarımız o qədər çoxdur ki, biz onu həyata keçirə bilmirik. Azərbaycan kinosunun inkişaf etməməsinin səbəbi filmə ayrılan maliyyənin azlığıdır”.
Ramin Hacıyevin sözlərinə görə Azərbaycan kinosunun inkişfına maliyyə ayrılmır:
“Ən azından “Netflix” üçün qısa bir film çəkib, özümüzü təqdim edə bilərik. Ancaq edə bilmirik. Professional aktyorlarımıza müraciət etməməyimizin səbəbi də maliyyə ucbatındandır. Hansı ki, biz çox istərdik ki, bu rolu daha məşhur aktrisalar oynasın”.
Rejissor qeyd edir ki, Azərbaycan kinosunun inkişafını dayandıran səbəblərdən biri də texnikanın zəif olmasıdır:
“Kinomuzun yaradıcı heyəti peşəkardır. Bir dəfə “Netflix” üçün bir serialım var idi. Serial daun sindiromlu uşaqlardan bəhs edirdi. Serialın 40 bölüm çəkildi və baş qəhrəmanı da daun sindiromlu uşaq idi….Təəssüf ki, həm maliyyə, həm də düşüncə tərzimiz “Netflix” üçün deyildi deyə, onu təqdim edə bilmədik. Buna heç cəht də etmədik. Əslində isə qazanana qədər mübarizə aparmaq olardı. Heç kim birdən-birə “Netflix”-də olmayıb. Bizdə zamanla bunu edə bilərdik, amma….”.
Ssenarist, rejissor Valeh Əhmədov isə bildirdi ki, ölkədə ödənişli online platforma üzvlüyü azdır:
“Bəlkə də bu platforma potensial izləyici vəd etmir. İzləmələr daha çox “Youtub”-da olur, yəni ödənişsiz olduğu üçündür. Aktyorlara qaldıqda isə düşünürəm ki, film çəkən şirkətlər öz kastinq bazaları olan agentliklərlə çalışır, aktyorlarımız həm oranın bazasında olmalıdır, həm də hər zaman araşdırmada olacaq. Düşünürəm ki, aktyorlarımızı, təklif edəcək agentliklər mövcud olmalıdır. Burada ortaq layihə olarsa biznes maraqları da ön plana çəkilməlidir. Tam səmimi deyirəm ki, bizdə Netflix və digər xarici platformaların standartlarına cavab verəcək iş ərsəyə gətirəcək ssenarist, aktyor, rejissor və digər sənət sahibləri var”.
Ssenarist, quruluşçu rejissor və baş prodüser Cəlaləddin Qasımov isə bildirir ki, “Netflix” dünya kino bazarına böyük qapıdır:
“Adi Tiflisi misal göstərə bilərik ki, dünyaşöhrətli rejissorlar orda filmlər çəkir. Hamısı da “Netflix”in sayəsində reallaşır. Çünki Tiflis o, platformanın üzvüdür. Ermənilərin təbliğatından, işğalçı, vandal ola-ola özlərini dünyada mədəni, sülhsevər, əzabkeş xalq kimi tanıda bilməsindən çox danışır, gileylənirik. Bu gün dünyada keçirilən istənilən film festivalında erməni filmlərinə rast gəlmək olur. Bütün filmlərində özlərini Qafqazda ən mədəni, sülhpərvər xalq kimi təqdim edirlər. Dəfələrlə olub ki, mən festivalın rəhbərliyinə, münsiflərinə məktub yazaraq sənədlər, faktlar göndərmişəm, məhz mənim israrlı müraciətimdən sonra erməni filmləri seçilmiş filmlər siyahısından çıxarılıb.
Lakin keçmiş sovetlər birliyində ən böyük baza bizdə olub. Biz verilən şərtləri qəbul etsəydik, küllü miqdarda kino sahəsinə pul vəsaiti ayrılmış olardı. Dünyada ən gəlirli sahələrdən biri kino sahəsidir. Təəssüf ki, bizdə bu inkişaf etməyib. Hal-hazırda özəl flim şirkətləri var ki, dünyada tanınır. Bizdə isə keçmiş nazirlər özəl şirkətlərə problemlər yaradıb.
Ümidvaram ki, təzə nazir kino sahəsində lazımı addımlar atacaq. Azərbaycan bu platformaya üzv olsa, dünyada daha da tanınar. Beynəlxalq festivallarda daimi olaraq iştirak edirəm. Çalışıram ki, Azərbaycan filmini dünyada tanıdım. Film ölkənin mədəniyyət göstəricisidir. Ona görə də bu sahənin inkişafına xüsusi diqqət olunmalıdır”.
Rejissor Ramil Ağasıyev qeyd edir ki, bir müddət “Netflix” -in Azərbaycanda olmamasını araşdırıb:
“Azərbaycanda kino bazarı balacadır, abunə sayları xərcləri bağlamır. Bu platformaya isə aylıq pul ödəmək lazımdır. Bazar balaca olduğu üçün “Netflix” platformasının burada yaradılmasına razılıq verilməyib. Bu platforma daha böyük ölkələrlə əməkdaşlıq edir. Eyni zamanda azərbaycandilli auditoriya azdır. Hansı ki, insanların bir qismi internet üzərindən ödəniş edib saytlara baxır.
Eyni zamanda “ Netflix” ə yaxşı mövzular təklif etmək mümkündür. Bəzən yaxşı təklif olduqda platforma bunu dəstəkləyir. Bəlkə o zaman Azərbaycan filminə yaxşı maliyyə ayıralar və böyük nəticələr əldə olunar.
Azərbaycanlı aktyorların isə bu adıçəkilən platformada iştirakı o zaman olar ki, yaxşı təklif olsun. Eyni zamanda aktyorlarda dil bilikləri olmalıdır. Biz də isə heç birisi yoxdur…”.
Mehin Mehmanqızı
Medianews.az