Dünyanın sürətlə dəyişdiyi bir dönəmdə televiziya və film sektoru da sürətlə dəyişir. Əvvəllər filmləri televizorlarda izləyən insanlar bir müddət sonra onu sosial platformalara dəyişdilər. Bir müddət əvvəl “Youtube” platforması film izləmək istəyənlər üçün ideal seçim olsa da, zaman keçdikcə onun da yerini yeni və keyfiyyətli film platformaları aldı. Hazırda isə xarici film və yaxud serial izləmək istəyəndə ağlımıza gələn ilk sosial platforma “Netflix” olur.
Bu tətbiq film sektoruna tam fərqli bir sistem gətirib. “Netflix” filmləri, serialları yayımlamaqla yanaşı özü film çəkməyə başlayıb. Artıq bütün dünyada xidmət göstərən “Netflix” milyardlar ödəyərək, filmlər çəkir.
Medianews.az olaraq gənclər arasında bu barədə sorğu keçirdik. Bu platformadan istifadə edənlər hansı özəlliklərinə görə onu seçirlər?
Sadəgül Cəfərova qeyd edir ki, o, Netflixdə olan filmləri sevərək izləyir:
“Konkret olaraq seçdiyim janr yoxdur ki, misal gətirim sırf həmin janrı sevirəm ya da izləyirəm. Xeyr, demək olar ki, bütün janrlara şans verirəm. Çünki bu adətən mövzudan asılıdır. Bunun üçün öncə izləyəcəyim film və ya serial haqqında verilən açıqlamanı oxuyuram. Yaxud da anonsa baxıram. Əgər bu ikisini sevməsəm o zaman filmdə iştirak edən oyunçulara nəzər salıram. Sevdiyim birisi varsa həmin filmi seçirəm. Daha çox isə dedektiv janrda olan serial və filmlərdir.
Film və seriallara orijinal dillərində alt yazı ilə (Türkcə) izləməyə üstünlük verirəm. Bunun isə səbəbi filmdə olan oyunçunun rolda verdiyi reaksiyalar olur. Bu reaksiyaları aktyorun öz səsindən eşitmək bir başqadır, nəinki dublajdan. Əksinə dublaj mənə suni gəlir və narahat edir.
Alt yazını isə türk dilində izləyirəm. Əgər Azərbaycan dilində izləmək seçimi olsa belə yenə Türk dilini seçərəm. Çünki kinoteatrlarımızdan bəllidir ki, filmlər yetərli qədər yaxşı tərcümə olunmur. Elə olan halda isə ya kino anlaşılmır ya da natamam başa düşülür.
“Netflix”i izləmək səbəbimə gələndə isə bunu deyə bilərəm ki, burada həm maraqlı mövzular var, həm də çəkiliş keyfiyyətlidir. Eyni zamanda film zamanı donma problemi yaşamırıq. Filmin maraqlı hissəsində reklam olmaması da bu platformanı sevdirən səbəblərdəndir. Doğrudur bu rahatlığı ödənişə borcluyuq. Ancaq o vəsaitə dəyir. Keyfiyyətli platformadır”.
Azad Əliyev isə deyir ki, mən elmi-fantastik filmləri izləyirəm:
“İzləmə səbəbim filmə baxa-baxa, ən çox da filmin sonunda beynimdəki neyronların az qala hamısı işləyir. Təəssüf ki, ana dilimizdə dublyaj olmadığı üçün məcbur Türk dilində baxıram. Bir də altyazı olan filmə baxmıram, ancaq səsli dublyajı izləyirəm”.
Gənc Humay İsgəndərli bildirir ki, əsasən ingilis və türk dillərində olan filmləri bu platformada izləyir. Detektiv və elmi fantastika filmlərini də sevdiyini qeyd edən Humay deyir ki, zamanı daha yaxşı dəyərləndirmək və yeni nələrisə öyrənmək üçün Netflixi izləyir.
Ləman Təhməz də Netflix platformasında film izləyən gənclərdəndir:
“Netflix platformasından istifadə edirəm. Burada əsasən fantastik, bioqrafiya, bilim, qurğu və aksion janrında olan filmlərə baxıram. Həmin filmləri ingilis dilində alt yazılı və türkcə səsli ekran əsərlərini izləyirəm. Səbəb isə Türk və yerli kanallarda yayımlanan film və verilişləri yox, burada olanları bəyənməyimdir.
Musa Hüseynov da Netflix sevənlərdəndir:
“Əsasən boş vaxtlarımda zamanımı dəyərləndirmək üçün burada müxtəlif janrlarda olan filmləri seçib izləyirəm. Həmin janrlar arasında bilim və qurğu olan filmlər yer alır. Dil olaraq, əgər film ingiliscədirsə, türkcə altyazılı, yox türk dilindədirsə səsli baxıram”.
Gənc Arifə Kərimzadə bildirir ki, müxtəlif janrlarda filmləri buradan izləyir:
“ Mən də Netflix izləyənlərdənəm. Janrlar müxtəlifdir bioqrafiya, dram, sənədli film, texnologiya katiqaryolarına daha çox üstünlük verirəm. Dili ingiliscədir. İzləmə səbəbim isə orada orijinal filmlərin mövcudluğu, həmçinin rahat platforma olmasıdır”.
Aytac Şahin
Medianews.az