Şri-Lanka Çinə olan 7 milyard dollar borcunu 100 min makaka meymunu ilə ödəyəcək.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) qırmızı siyahısında olan və yalnız Şri-Lankada rast gəlinən meymunların nəsli kəsilmək təhlükəsi ilə üzləşdiyi açıqlanıb.
Şri-Lankada kənd təsərrüfatına ziyan vurması və bəzən insanlara hücum etməsi səbəbindən zərərli hesab edilən makaka meymunlarının Çinə satışı heyvan hüquqlarını müdafiə qrupları tərəfindən etirazla qarşılanıb.
Təbiət və heyvanları mühafizə dərnəklərinin yaydığı birgə açıqlamada Çində “beynəlxalq zoopark meyarlarına” cavab verən yalnız 18 zooparkın olduğu, həmin zooparklarda yalnız 5 min meymunun saxlanmasının mümkün olduğu və satılacaq meymunların fərqli məqsədlər üçün istifadə oluna biləcəyi bildirilib.
Açıqlamada, “Makaka insana bənzər xüsusiyyətləri ilə, xüsusilə ABŞ və Avropada tibbi sınaq müəssisələrində istifadə edilir. Belə bir ticarətdən əldə ediləcək potensial gəlir, bu növün zooparklara satışından əldə edilən gəlirdən daha çox olacaq. Maraqlıdır, bu makakalar tibbi sınaq laboratoriyalarına aparılacaqmı?” deyə sual edilir.
Çinin Şri Lankadakı səfirliyindən verilən açıqlamada isə meymunlardan tibbi sınaqlarda istifadə ediləcəyi ilə bağlı iddiaların “dezinformasiya” olduğu və Çin hökumətinin ətraf mühitin qorunmasına böyük əhəmiyyət verdiyi vurğulanıb.
1948-ci ildən bəri ən ciddi maliyyə böhranı ilə üzləşən Şri Lanka bir ildir ki, aclıq və yoxsulluqla mübarizə aparır.