Sədrəddin Soltan: “İran artıq Azərbaycana “Xomeyninin islam inqilabı doktrinası”nı transformasiya etdiyini gizlətmir”
İran Azərbaycanda yeni qanunsuz təşkilat yaradıb. Bu barədə “MOUZE” Teleqram kanalı məlumat yayıb. Kanal yazır ki, İranın molla rejimi Azərbaycanın daxili işlərinə müdaxilə etməkdə, intriqa və təxtibatlar hazırlamaqda davam edir.
“MOUZE”nin əldə etdiyi məlumata görə, molla rejimi Azərbaycandakı şəbəkələrinin ifşasından sonra ölkəmizdə yeni təşkilat yaratmağa qərar verib. Molla rejiminə xidmət edən və SEPAH-ın nəzarətində olan teleqram kanallarında artıq yeni təşkilatın yaradılması ilə bağlı çağırışlar edilir.
“Vahid Ümmət Azərbaycan Ruhanilər Təşkilatı”nın yeni mərkəzinin açılışına hazırlaşırlar.
Göründüyü kimi, İranın Azərbaycanda həyata keçirmək istədiyi yeni təxribatı barədə məlumat yayılıb. Molla rejimi bir tərəfdən bəyan edir ki, heç bir qonşu ölkəyə təcavüz etmək, ərazi bütövlüyünə qəsd etmək niyyətləri yoxdur, qonşulara hörmətlə yanaşırlar və s, digər tərəfdən də daxilimizdə belə bir təxribatçı təşkilat yaratdığını öz resursları, yəni SEPAH-ın nəzarətində olan kanallar vasitəsilə bəyan edir.
Bu halda nə etmək lazımdır ki, bu təşkilatın “gözü” açılmasın və fəaliyyətə başlamasın? Ümimiyyətlə, bu məsələni necə qiymətləndirmək olar?
- “…Azərbaycanda cəmiyyəti parçalamaq üçün edilmiş növbəti cəhddir”Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bizimlə söhbətində “İran artıq Azərbaycana “Xomeyninin islam inqilabı doktrinası”nı transformasiya etdiyini gizlətmir. Azərbaycanın daxili işlərinə müdaxiləni də gizlətmir. Bu, İran tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır, habelə iki ölkə arasında münasibətlərin gərginləşdirilməsinə təkan verən amildir. İran hakimiyyəti bununla da göstərmək istəyir ki, Azərbaycana qarşı fəaliyyətini dayandırmayıb və bunu daha da sərtləşdirib. Yaranmış təşkilatın məqsədlərindən biri də, ehtimal edirəm ki, perspektivdə İranyönlü qüvvələri bu tip guya elmi araşdırma, elmi fəaliyyətlə məşğul olurmuş kimi göstərməkdir” – deyə bildirdi.
S.Soltan qeyd etdi ki, İranyönümlü siyasi fəaliyyətə, terrora görə suçlananları qorumaq, bu tip əməllərini ört-basdır etmək üçün İran tərəfi bu təşkilatı “araşdırma mərkəzi” kimi qələmə verir. “Guya bu mərkəz İranın ali rəhbəri Xamneinin siyasi, ictimai, mədəni fəaliyyəti, həyat və yaradıcılığını araşdırmaqla məşğul olacaq.
Yəni bununla da Azərbaycana qarşı fəaliyyətini ört-basdır edir. O zaman sual olunur: İranda Azərbaycan Prezidentinin ictimai-siyasi, mədəni fəaliyyəti ilə məşğul olan təşkilat varmı? Yaxud İran buna yol verərmi? Təbii ki, yox. Çünki İran tərəfi bu tip qarşılıqlı məsələlərə heç vaxt dəstək vermir. Bunu indiyə qədər olan münasibətlər göstərir. Odur ki, yaranmış təşkilat İranın Azərbaycana qarşı daha bir təbliğat-təşviqat kampaniyasıdır. Azərbaycanda cəmiyyəti parçalamaq üçün edilmiş növbəti cəhddir”- deyə S. Soltan qeyd etdi.