Xəbər verdiyimiz kimi, ötən gecə Xırdalan şəhərində intihar hadisəsi baş verib. İlkin araşdırmalar zamanı məlum olub ki, intihar edən gənc orta məktəbin 11-ci sinif şagirdi olub və bir neçə gün əvvəl buraxılış imtahanı verib. Dünən imtahanın nəticələri açıqlanarkən o, gözlədiyindən az bal toplayıb. Daha sonra isə yeniyetmə həyatına qəsd edib.
Məsələ ilə bağlı Medianews.az -a danışan təhsil eksperti Kamran Əsədov bildirir ki, bu il keçirilən test imtahanı təkcə maksimum bal toplaya bilməyən abituriyentlərlə yadda qalmadı, eyni zamanda intihar edən abituriyentlərində sayı da təəssüf ki, çoxaldı:
“Təkcə bu tədris ilində dörd abituriyent bu acı taleyi yaşadı. Mart imtahan sessiyasının nəticələrinin açıqlanması xoş olmayan xəbərlərin yayılması ilə davam edir.
Vacib bir məsələni qeyd edim ki, orta statistik olaraq hər bir valideyn övladının ali təhsil alıb yaxşı bir işlə təmin olunmasını, karyera qurmasını arzulayır. Ancaq uşaqla düzgün davranmağı, həssas psixikasını zədələməməyi, uşaqlıq travmalarından qorumağı hər kəs bacarmır. Nəticədə, uşağı ali təhsil müəssəsində, arzuladığı yüksəkliklərdə görmək əvəzinə itirir”.
Təhsil eksperti qeyd edir ki, uşağın düşdüyü mühit, üzləşdiyi insanlar onun formalaşmasına təsir etsə də, əsas məsuliyyət valideynlərin üzərinə düşür:
“Bu gün əlbəttdə ki, intiharların, xoşagəlməz hadisələrin böyük faiz günahkarı valideynlərdir. Amma valideynlər tək günahkar deyil. Bu kimi hadisələrdə günahkarları sıralasaq birinci valideyn , ikinci orta məktəb, üçüncü repititor və kurslar, sonda isə mühit gələr. Təəssüf ki, hər il ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlanandan sonra 16-17 yaşlı abituriyentlərin intiharı xəbərini oxuyuruq. Onlar birinci valideynlərinin təzyiqindən, ətraf mühitin qınağından çox qorxurlar. Bütün valideynlərə üz tutub deyirəm ki, anlayın, uşaqların təhsildə uğursuzluqla üzləşməsi normaldır. Siz, özünüz bütün həyatınız boyu ancaq uğurmu qazanıbsınız? Dəhşətlisi isə odur ki, bəzi hallarda validenlər övladlarına qarşı çox təhlükəli ifadələrdən istifadə edirlər. “Oxuya bilmirsən!”, “Ölsən, bundan yaxşıdır” kimi ifadələr işlədirlər. Bu kimi kəlmələr əlbəttdə ki, abituriyentləri intihara təhrik edə bilər. Əziz valideynlər, abituriyentlər, sizə əminliklə deyə bilərəm ki, ali məktəbə qəbul olmamaq həyatın sonu deyil! Ali məktəbə qəbul olmaq, xoşbəxt olmaq demək deyil. Həyatda uğur qazanmağın yolu təkcə ali təhsil almaq deyil.
Kamran Əsədovun sözlərinə görə bəzən intiharlara repititor və hazırlıq kurslarının yalan vədləri də səbəb olur:
“Belə ki, bu qrumlar valideynlərə uşaqların nəticəsi ilə bağlı yalan məlumatlar verirlər. Nəticədə, valideynlər ümidli olur. Sonda isə imtahan nəticələri çıxanda ortaya xoşagəlməz mənzərə çıxır. Orta məktəblərdə psixoloji xidmətin də zəif təşkil olunması bu halların sayının artmasına səbəb olur.
Əlbəttdə ki, abituriyentin intihar etməsində DİM-i günahkar hesab etmək olmaz. Abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşması və yüksək nəticə əldə etməsi üçün DİM tərəfindən bütün resurslar çap olunub və imkanlar yaradılıb.
İmtahanda iştirak edən abituriyentlərin, onların valideynlərinin nəzərinə çatdırım ki, əgər onlar ali məktəbə daxil olmasalar, orta ixtisas təhsilli müəssisələrinə – kolleclərə müraciət etsinlər. Artıq 2019-cu ildən etibarən bu pillədə təhsilini başa vuranlar imtahansız, birbaşa ali məktəblərə qəbul ola bilirlər.
Bundan başqa, əgər onlar Azərbaycanda ali məktəblərə qəbul ola bilməsələr daha ucuz və keyfiyyətli ali təhsil üçün xarici ölkələrə üz tuta bilərlər”.
Ekspert qeyd edir ki, gənclər əmək bazarında daha tez iş tapmaq üçün Peşə təhsilinə üz tuta bilərlər:
“Ali təhsil alanların heç də hamısı işlə təmin olunmur. Bu gün ölkənin 54 ali məktəbində təhsil alan 164 min tələbənin yalnız 42 faizi işlə təmin olunur. Amma peşə təhsili alanların işlə təmin olunma faizi və gəlirləri daha yüksəkdir.
Sanki, imtahan verən abituriyentlər təkcə qəbul imtahanından kəsilmirlər, həm də həyat imtahanından kəsilirlər.
Xoş olmayan tendensiya isə odur ki, əksər gənclər həyatında uğura gedən yolu ali təhsil almaqda görürlər. Əlbəttdə ki, ali təhsil almaq lazımdır. Lakin dünyada və Azərbaycanda uğur əldə edənlər arasında ali təhsil almayan kifayət qədər şəxslər var.
Təəssüf ki, orta məktəblərdə psixoloq xidməti yetərincə deyil. Onlar valideyn və şagirdlərlə mütəmadi olaraq işləməli, onları çətin situasiyadan çıxarmaq istiqamətində formalaşdırmalıdırlar”.
Ekspert bildirir ki, valideynlər əlbəttdə ki, uşaqlarına hazırlıq üçün kifayət qədər vəsaitlər sərf edirlər:
“Şagirdlər aşağı nəticə əldə edəndə isə hirs və heyiflərini övladlarından çıxırlar. Zəif psixoloji dözümlülüyə malik olanlar bu çətin situasiyadan çıxış yolunu intiharda görürlər. İnanın ki, yüzlərlə zəif bal toplayıb valideynləri tərəfindən fiziki zorakılığa məruz qalan abituriyentlər var.
Bu tipli xoşagəlməz hadisələrdən yeganə çıxış yolu ali təhsilin əlçatan olması ola bilər. Belə ki, ali məktəblərə qəbul imtahanları sadələşdirilməli, ali məktəblərin qəbul qapıları geniş açılmalı amma buraxılış, çıxış qapıları ilə daraldılmalıdır. Bunu üçün ilk növbədə ali məktəblərin keyfiyyətli təhsil verməsini təmin etmək lazımdır”.
Təəssüf ki, az bal toplayan gənclər ətrafın münasibətindən qorxur. Cəmiyyət olaraq bu mövzuda diqqətli olmaq lazımdır.
Əziz abituriyentlər, həyatın tək problemi qəbul imtahanı deyil. Gələcək həyatınızda qarşılaşacağınız problemlərin yanında, qəbul imtahanları adi bir şeydir. Yaşayın, həyat yaşamağa dəyər”.
Mehin Mehmanqızı
Medianews.az