“Vətəndaşlar üçün ipoteka kreditləri əlçatan olmalıdır. Nəinki sosial, həm də adi ipoteka kreditlərinin verilməsi kommersiya məqsədi daşımamalıdır. Risklərin aşağı salınması ilə bağlı tədbirlər həyata keçirilməlidir. Çünki banklar öz risklərini sığortalamalıdır. İstər adi, istərsə də sosial ipoteka kreditləri üçün ən ciddi problem kredit faizlərinin yüksək olmasıdır”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı-alim, millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, qonşu ölkələrlə müqayisədə Azərbaycanda kredit faizləri daha yüksəkdir:
“Gürcüstanda sosial ipoteka kreditlərinin faiz dərəcəsi 4, Rusiyada 3, Türkiyədə 3,7-dir. Fransa, Portuqaliya, Belçika, Almaniya və İtaliyada ipoteka kreditini 1,5 faiz, Kipr, İspaniya və Yunanıstanda 2, Danimarkada 1,3, Türkmənistanda 1 faizlə almaq mümkündür. Hətta Türkiyədə dövlət tərəfindən gerçəkləşdirilən mikrorayon layihələrində kredit dərəcələri 0,75- 0,8 faizdir. Faiz dərəcələrinin aşağı salınması üçün İpoteka Fondu adi ipoteka kreditlərinin maliyyə mənbələrini şaxələndirməyə çalışmalıdır. Çünki adi ipoteka kreditlərinin maliyyə mənbələri ipoteka istiqrazlarının yerləşdirilməsindən əldə edilən vəsaitlər hesabına formalaşır. Bu da yeganə mənbə olduğundan və təklif edilən ipoteka istiqrazları adi istiqrazlar olmadığından ciddi maraq yaratmır. Nəticədə adi ipoteka kreditlərinin faiz dərəcələri yüksək olur”.
V.Bayramov qeyd edib ki, sosial ipoteka kreditləri dövlət tərəfindən maliyyələşdirildiyindən burada kommersiya məqsədindən söhbət gedə bilməz:
“Bank xərclərinin qarşılanması müzakirə mövzusu ola bilər. Bu baxımdan sosial ipoteka üçün faiz dərəcələrinin 2-yə endirilməsi vacibdir. Bunun üçün imkanlar da var. Adi ipoteka kreditləri isə birinci mərhələdə 8 faizdən 6 faizə endirilsə, maliyyə və digər baxımdan heç bir problem yaranmaz”.