Azərbaycanın ilk mistik janrda çəkilən filmi “Xənnas”ın 6 il sonra yenidən qala gecəsi keçirilib.
Filmdə iştirak edən aktrisa Zarina Qurbanova Medianenews.az-a açıqlamasında filmin çəkiliş prosesinin maraqı anlarla yadda qaldığını deyib.
6 il bundan əvvəl çəkildiyiniz filmə yenidən baxmaq necədir?
– Çox həyəcanlı idim. Film çəkilən zaman canlandırdığım obrazın peşəkarlığına əmin idim. Amma indi o sözü deyə bilirəmmi, əmin deyiləm. Bu gün oturduğum yerdən 6 il öncəki Zarinanı izlədim.
Filmə gəlincə maraqlı sujet xətti var. Qorxu janrında olan filmləri sevmədiyim halda Elvin Abdullanın çəkdiyi “Xənnas” filmini çox sevdim. İlk dəfə izləyəndə qorxmuşdum.
Bu gün Zarina istədiyi yerdədirmi?
– Əlbəttə, bir aktrisa kimi Azərbaycanda istədiyim mövqeyi tutmuşam. Burada yüksəkdəyəm. Yəni edə biləcəyimin maksimumunu etmişəm. Filmlərin çoxunda da varam. Çox istərdim ki, artıq ölkədən kənarda filmlərə çəkilim, inkişaf edim. “Netflix”in hər hansı layihəsində olum. Burada bacardığımı etmişəm.
4 ildir ki, iştirakçısı olduğunuz “Komedixana” sizin üçün hansı qapıları açdı? Hesab edirsinizmi ki, bu layihə sizi daha çox tanıtdı?
– Komedixanaya qədər məni tanıyan rejissorlar deyirdilər ki, sən komediya janrına getmə çünki dram aktrisasısan. Mən isə özümü heç vaxt çərçivəyə salmamışam. İlk komediya janrında çəkildiyim film “Gizlənpaç” oldu. O bu qədər reytinq toplamadı. Amma Komedixanaya gəldikdən sonra həmin rejissorlar mənə dedilər ki, yaxşı ki, sən komediya janrına gəldin. Hesab edirəm ki, komediya janrının haqqını verirəm.
Komedixananın peşəkar səhnə olduğu haqqında və bu layihə ilə bağlı birmənalı fikirlər səslənmir.
– Mənim bir internet serialım var Adəm və Həvva. O da dram janrıdır. Bir gəncin həyatını canlandırıram. Hansı ki, həyatı çox çətindir. Orada oynamaq mənim üçün çətindir. Oranın tamaşaçısı deyir ki, Zarina Komedixanadan çıxsın. Komediya Zarina üçün deyil. Belə olan halda söyləyirlər ki, zövqlər müzakirə edilmir. Mən fərqliliyi sevirəm. Eynilikdə qalan deyiləm. Yeganə layihə komedixanadır ki, mən orada artıq 4-cü ildir iştirak edirəm. Adətən bir layihədə bir ildən artıq çəkilmirəm.
Medianews.az