Bu gün ABŞ dollarının dünyanı idarə etdiyi bir dövrdəyik. Lakin iddialar var ki, bu dövr başa çatmaq üzrədir. Belə ki, Çin öz valyutasını gücləndirməkdə ciddi irəliləyiş əldə edib və dolların hegemonluğuna son qoyulması ehtimalı yüksəkdir. Yuan dolları keçərək dünyanın ehtiyat valyutasına çevrilə bilər.
Bəs, dünyada gedən bu proseslər Azərbaycana necə təsir edəcək?
Məsələ ilə bağlı Medianews.az–a danışan iqtisadçı Elşən Bağırzadə bildirir ki, Çin yuanının dollarla əvəzlənməsindən danışmaq hələ olduqca tezdir:
“Əgər ABŞ iqtisadiyyatı davamlı və əhəmiyyətli dərəcədə zəifləsə və bu ölkənin dünya iqtisadiyyatındakı rolu da davamlı və əhəmiyyətli dərəcədə azalsa, onda dolların da rezerv valyuta olma funksiyasını itirəcəyindən danışmağa başlamaq olar. Hazırda belə bir vəziyyət yoxdur. Dollar indeksi ilə bağlı son dövlər baş verən dalğalanmalar bazar konyukturası ilə bağlıdır və artıq dollar indeksi yüksəlişə keçmişdir. Azərbaycan valyuta rezervlərinin müəyyən hissəsini Çin yuanında saxlaya bilər, burada bir problem yoxdur. Ancaq yuanın dünyanın əsas rezerv valyutalarından birinə çevrildiyindən danışmaq mümkün deyildir. Hazırda dünyada rəsmi valyuta rezervlərinin 58,4%-i dollarda, 20,5%-i avroda, 5,5%-i yapon yenində, 5%-i ingilis sterlinqində, 2,7%-i isə yuan dediyimiz Çin renminbisində saxlanılır. Düzdür, son bir neçə ildə rezerv valyutalar arasında dolların payında az da olsa bir azalma, Çin valyutasının payında isə müəyyən artım müşahidə olunur. Ancaq bu, dolların əvvəlki mövqeyini itirdiyi anlamına gəlmir”.
Medianews.az