Bu ölkə hökumət cihazlarında TikTok tətbiqini qadağan edir.
Medianews.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliya təhlükəsizlik baxımından Çin sosial media platforması TikTok-un federal hökumət cihazlarında istifadəsini qadağan edən “Beş Göz (Five Eyes)” adı ilə tanınan elektron kəşfiyyat alyansının sonuncu üzvü olub.
Qərar, “Beş Göz” üzvləri ABŞ, Kanada, İngiltərə və Yeni Zelandiyanın da qadağalar barədə oxşar addımlar atmasından sonra verildi.
Baş prokuror Mark Dreyfus, etdiyi açıqlamada, bu qadağanın kəşfiyyat və təhlükəsizlik agentliklərinin məsləhəti əsasında “mümkün qədər tez” qüvvəyə minəcəyini söylədi.
Qeyd edək ki, ilk dəfə 1946-cı ildə ABŞ və İngiltərə arasında imzalanmış; Kanada, Avstraliya və Yeni Zelandiyanın iştirakı ilə genişlənən UKUSA kimi tanınan “elektron kəşfiyyat” alyansı “Beş Göz” adlanır.
TikTok platforması, “İstifadəçi məlumatlarına daxil olacaq və bu məlumatlardan Çin tərəfdarı fikirləri yaymaq üçün istifadə edəcək” kimi təhlükəsizlik və məxfilik narahatlıqlarına görə müxtəlif ölkələrdə ciddi məhdudiyyətlərlə üzləşir.
Medianews.az