İranda Məhsə Əmini etirazlarının başladığı Saqqız şəhərindəki qızlar liseyində şagirdlər zəhərlənib.
Medianews.az xarici mətbuata istinadən xəbər verir ki, İranın Kürdüstan əyalətinin Saqqız şəhərindəki Mirac Qız Liseyində təhsil alan şagirdlərin kimyəvi qazdan zəhərləndiyi iddia edilib.
Sosial şəbəkələrdə yayılan görüntülərə görə məktəbə gələn valideynlərlə mühafizəçilər arasında qarşıdurma yaşanıb. Şagirdlərin zəhərlənməsinə səbəb olan hücuma etiraz edən saqqızlılar məktəbdə asılmış İran bayrağını endirərək, ölkə lideri Əli Xamneyi əleyhinə şüarlar səsləndiriblər.
Məktəbə gələn təhlükəsizlik qüvvələri ilə toplaşan insanlar arasında qarşıdurma yaranıb. Sosial şəbəkələrdə məktəbə gələn təcili yardım maşınları ilə yanaşı, valideynlərin də öz imkanları ilə uşaqları xəstəxanalara aparmaları müzakirələrə səbəb olub.
Ən azı 47 tələbənin xəstəxanaya yerləşdirildiyi, onlardan 20-dən çoxunun vəziyyətinin ağır olduğu iddia edilib.
Məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Medianews.az