Cəsədi Karabükdəki Filyos çayında tapılan 17 yaşlı Qabon əsilli Jeannah Danys Dinabonghonun ölümündə yeni detallar ortaya çıxıb.
Medianews.az xəbər verir ki, təhlükəsizlik kamerasında əks olunan görüntülərdə gənc qız ölümündən əvvəl həmin gecə ayaqyalın küçədə qaçarkən görüntülənib.
Onun son görüntülərini izləyən dostları isə dərindən sarsıldıqlarını ifadə ediblər.
Dinabonghonun yaxşı insan olduğunu və şəhərə təhsil almağa gəldiyini deyən Çad əsilli dostu Tayyip Abderahim Youssouf deyir ki, ola bilsin onu öldürüblər:
“Nə baş verdiyini dəqiq bilmirik, amma bunu polislər araşdırır. Həmin gecə dostları ilə toplanmışdılar. Televizora baxarkən “Telefonumu doldurmaq üçün aşağı enəcəyəm” dedi, sonra aşağı düşdü və bir daha geri qayıtmadı” .
Qeyd edək ki, Jeannah Danys Dinabonghonun cansız bədəni martın 26-da Filyos dərəsinin Yeşilköy ərazisində hərəkətsiz vəziyyətdə tapılmışdı. Dinabongho-nun cəsədi yarılma üçün Karabük Təhsil və Araşdırma Xəstəxanasının meyitxanasına aparılıb. Təhlükəsizlik kameralarını araşdıran qruplar Dinabonqonun avtomobillə meşəlik əraziyə aparıldığı ehtimalına diqqət yetirərkən, 3-ü xarici ölkə vətəndaşı olan 6 nəfər cinayətdə şübhəli bilinərək, saxlanılıb.
Aytac Şahin
Medianews.az