Böyük zəfərin başlanğıcı olan Aprel döyüşlərindən 7 il keçir.
2016-cı ildə baş vermiş dörd günlük müharibədə qəhrəmanlarımız təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək 2 min hektardan artıq ərazini işğaldan azad etdilər.
Məhz həmin igidlərdən biri də Paşazadə Vüsal Ədalət oğludur.
Qeyd edək ki, Aprel döyüşlərinin qəhrəman oğullarından biri olan Vüsal Paşazadə Beyləqan rayonunda anadan olub. N saylı hərbi hissədə müddətdən artıq xidmətdə olan Vüsal Paşazadə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı kəşfiyyat dəstəsində bir sıra əməliyyatlarda iştirak edib. 2015 – cı ildə və 2016-cı ilin aprel döyüşlərində Lələtəpə əməliyyatı zamanı iki dəfə yaralanıb.
Medianews.az –a danışan Vüsal Paşazadə bildirir ki, dörd gün davam edən Aprel döyüşləri Azərbaycan tarixində şərəfli qələbə kimi yaddaşlarda qalıb:
“Düşmən hər zaman təxribata əl atır, mövqeylərimizə hücum edirdi. Təbii ki, bizim də onlara cavabımız bu dəfə daha sərt oldu. Aprel döyüşləri 1994-cü ildə Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəsdən sonra ilk ən şiddətli döyüş sayılır.
Aprelin 1-i idi. Düşmən gözlənilmədən mövqelərimizə hücum etdi. Biz də təbii olaraq özümüzü müdafiə etməli idik. Gecə saatlarında qanlı döyüşlər başladı.
5-10 dəqiqə qanlı döyüş getdikdən sonra posta girməyə müvəffəq olduq. Bir neçə erməni əsgərinin meyiti səngərdə uzanmışdı. Biz onların tam məhv olduğuna əmin olmaq üçün başlarından təkrar atəş açdıq və postun içərisinə doğru irəlləməyə başladıq. Posta daxil olduq və mühafizəni təşkil edib yerləşdik.
Ermənistan hərbi qüvvələrinin möhkəmləndirdiyi birinci müdafiə xəttini yardıq. Hər tərəf erməni leşi idi. Bir sıra strateji əhəmiyyətli mövqeləri ələ keçirdik. Cəbrail rayonundakı «Lələtəpə» adlı yüksəkliyi , Tərtər rayonunun Talış kəndinin ətrafındakı strateji yüksəklikləri və Seysulan kəndini erməni işğalçılarından təmizlədik. Bayrağımızı həmin yükəkliklərdə dalğalandırdıq.
Bayrağımızı sancaraq sübut etdik ki, Azərbaycan Ordusu burdadır.
Bu bir fürsət idi ki, qisasımızı alaq, bayrağımızı öz torpaqlarımızda dalğalandıraq”.
Qəhrəman döyüşçümüz qeyd edir ki, Aprel döyüşlərində itkilərimiz, yaralılarımız da oldu:
“Qrupumuzun fəal döyüşçülərindən olan Xancanov Zaur sinəsindən güllə yarası almışdı və mən ilkin yardım göstərərək, təxliyə olunmasına kömək etdim.
Dəstənin digər üzvü Rüstəmov Elməddin başından güllə yarası almışdı. Hər ikisi yaralansa da , döyüş yerini tərk etmək istəmirdi. Axıra qədər torpaq uğurunda mübarizə aparmaq istəyirdilər.
Döyüş yoldaşlarımızdan olan İlkin Abbasov isə gərgin döyüşlər zamanı öndə gedən qəhrəman igidlərimizdən idi. Hətta irəliyə gedərək sizin övladlarınız var, mən gedərəm deyib, ən çətin əməliyyatlarda iştirak edirdi. Ən çətin əməliyyatları özü icra edirdi. İkinci Qarabağ müharibəsi zamanı yaralanan döyüş yoldaşımız hazırda xidmətini davam etdirir.
Apreı döyüşləri zamanı iki qardaşdan biri şəhid oldu.
Hər ikisinin yaşları az olsa da, əsil sücaət göstərdilər. Mehralıyev Sarvan aldığı güllədən şəhid oldu. Mehralıyev Namiq qardaşının qisasını almaq üçün sona qədər mübarizə aparmaq istəyirdi. Lakin qardaşını tək qoymamaq üçün məcbur təxliyə olundu. Lakin şəhid qardaşımızın qisasını biz aldıq.
Qazimiz qeyd edir ki, İkinci Qarabağ müharibəsində də iştirak edib:
“44 günlük müharibədə şəhid olan qardaşlarımızın əksəriyyəti məhz Aprel döyüşlərində böyük əzimkarlıq göstərən igidlərimiz idi.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvəsinin giziri olan İlyas Nəsirov o, igidlərimizdən idi ki, hətta şəhid olanda düşmən televiziya kanalarları Milli qəhrəmanımızın ölüm xəbərini vermişdi.
Aprel döyüşlərində qisasla düşmənin üzərinə şığıdıq. Bu döyüşlərdə bizə elə bir güc gəlmişdi ki, torpaqlarımızın bütövlüyünü almadan geri qayıtmaq istəmirdik. Məqsədimiz ancaq irəliləmək idi. İgidlərimizin üzərində o qədər sevinc, vətənpərvərlik sevgisi var idi ki, düşmən tab gətirə bilmirdi. Güclü təşkil olunmuş dəstəmizin döyüş əzmini heç nə sındıra bilməzdi. Qorxmaz doyüşçülərimin ancaq bir-birinə dəstək idi. Birliyimiz, gücümüz ancaq torpaq üçün idi.
Vüsal Paşazadə onu da qeyd edir ki, İkinci Qarabağ müharibəsində arzumuza, amalımıza çatdıq:
“Torpaqlarımızın bütövlüyünü bərpa etdik.
Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı versin. Hələ də düşmənlə üz-üzə dayanıb, xidmət edən qardaşlarımızı Allah qorusun!
Aprel döyüşlərində iştirakıma görə cənab prezident İlham Əliyev tərəfindən “İgidliyə görə” medal ilə təltif olundum.
Torpaqlarımızın azad olunması yolunda canlarından keçmiş şəhidlərimizin hünəri bu gün də gənclərimizə örnəkdir.
Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun tarixi ərazilərimiz olan Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut etdi.
Aprel zəfəri 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı idi”.
Mehin Mehmanqızı
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.