Ukrayna ordusu ilhaq edilən Melitopol şəhərinə zərbə endirib. Nəticədə 5 nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə informasiyanı Rusiya tərəfindən təyin olunan administrasiya yayıb.
Zaporojye vilayətinin ilhaq edilmiş hissəsinin fövqəladə hallar xidmətinin məlumatına görə, yaşayış binaları və qaz borusu zədələnib.
Aprelin 2-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələri HIMARS-dan Melitopoldakı lokomotiv deposuna zərbə endirib, hava hücumundan müdafiə sistemləri yeddi raketdən altısını vurub. Məlumatı hakimiyyət nümayəndəsi Vladimir Roqov təsdiq edib.
Onun sözlərinə görə, depodan başqa Zapadno-Lineynaya küçəsində yerləşən üçmərtəbəli evə də ziyan dəyib.
Ukrayna KİV-i yazır ki, zərbə deponun mərkəzi emalatxanasına dəyib. Burada sursat və hərbi texnika ilə qatarların daşınması üçün istifadə olunan lokomotivlər olub.
Dəmir yolu xəttini təmin edən elektrik yarımstansiyasına və depoya da ziyan dəyib. Melitopol sakinləri elektrik enerjisindən qismən məhrum olub.(Bizim.Media)