“Gender bərabərliyi” anlayışı cəmiyyətdə kişilərlə qadınlar arasında “de-yure” və “de-fakto” bərabərliyin təmin edilməsini, hər iki cinsə bərabər imkanların yaradılmasını ehtiva edir. Cəmiyyət üzvləri- qadınlar və kişilər – özlərinin bioloji xüsusiyyətlərinə, anatomik strukturlarına görə cins fərqliliyinə malik olsalar da, sosio-mədəni mühitdə bərabər imkanlara sahibdirlər. Hazırda bütün dünya ölkələrində, həmçinin Azərbaycanda da həmin məsələ aktuallığını qoruyub saxlayır. Hər bir məsələ və problemin öz həllini tapmasında media faktorunun özünəməxsus rolu var. Bunun üçün gender bərabərliyi ilə bağlı problemləri də həll etməkdə medianın köməyinə böyük ehtiyac var.
Bəs hazırkı media gendər bərabərliyi barədə cəmiyyəti hansı yollarla maarifləndirə bilər? Onun üzərinə nə kimi öhdəliklər düşür?
Medianews.az olaraq bu məsələni ölkənin bir sıra media ekspertləri ilə müzakirə etdik.
BDU-nun jurnalistika fakültəsinin “Beynəlxalq Jurnalistika”kafedrasının dosenti Vəfa İsgəndərova mediada gender bərabərliyi mövzusu necə işıqlandırılmalıdır sualına belə cavab verib:
“Gender bərabərliyi məsələsini hər kəs fərqli anlayır. Bir sıra şəxslər onu feminizmlə qarışıq salır, ya da qadın haqlarının daha üstün olduğunu düşünürlər. Lakin bu mövzu daha çox həm qadın, həm də kişilər üçün bərabər şəraitin yaradılmasına xidmət edir. Böyük şirkətlər, media və transmedia orqanlarının bəzilərində eyni işi icra edən qadın və kişilərin maaşlarında fərq olması, idarəçilikdə qadınların sayının azlığı və bu kimi bir sıra hallar gender bərabərsizliyinə gətirib çıxarır. Biz istəyirik ki, media subyektləri gender bərabərliyi məsələsinin təbliğatçısına çevrilsin. Bəzi media subyektləri isə əksinə bu mövzunu yalnış olaraq qabardırlar. Mediada gender bərabərliyinin necə təsvir olunması barədə olan araşdırmalarda müşahidə edilir ki, bəzi media orqanları bir çox xəbər başlıqlarında , məsələn avtomobil qəzalarında qadın sürücüləri daha çox qabardıcı formada təqdim edirlər. Belə şəkildə xəbər başlıqları isə yolverilməzdir. Bu cür təsvir olunmamalıdır. Təklifim budur ki, ilk olaraq, gender bərabərliyi anlayışının akademik formada insanların şüuruna yeridilməsi üçün onların anlayacağı üslubda keyfiyyətli yazı materiallarının mediada təqdim olunması vacibdir.
Digər bir təklifim isə, yalnız kişilərin nailiyyət qazandığı peşələrdə çalışan qadınların uğur hekayələri haqqında bəhs etmək, materiallar hazırlamaqdır. Bundan başqa yüksək vəzifələrdə çalışan qadınlardan da yazmaq olar. Əlavə olaraq, müxtəlif təşkilatlar gender bərabərliyi mövzusunda təlimlər, treyninqlər, seminarlar təşkil edə bilər. Buna misal olaraq, 3-4 bundan öncə Avropa Şurasının Azərbaycan nümayəndəliyi tərəfindən bir neçə il ard-arda bu mövzuda təlim və tədbirlər keçirilmişdir. Belə formada tədbirlərin keçirilməsi, gender bərabərliyi kurslarının yaradılması, zənnimcə, həmin mövzunun cəmiyyətə aşılanmasında böyük dəstək ola bilər”.
Media eksperti Ələsgər Məmmədli isə düşünür ki, həmin mövzuya aid olan problemləri gündəmdə saxlamaqla cəmiyyəti maarifləndirmək vacibdir:
“Medianın əsas olaraq maarifləndirmə, bilgiləndirmə və əyləndirmə funksiyaları var. Bu yöndən yanaşanda media əsasən gender bərabərliyi problemini maarifləndirmə və bilgiləndirmə baxımından gündəm gətirə bilir. Xüsusən, ölkədə qadın və kişilərin hüquqi bərabərsizlik olan məqamları önə çəkmək, işə cəlb olunma, təhsil və digər məsələlərdə bərabərsizliklərin aradan qaldırılması üçün bu tip xəbərləri ön plana çəkib, sistemli şəkildə cəmiyyətin diqqətinə çatdıra bilər.
Başqa bir üsul isə gender fərdlər arasında diskrminativ yanaşma sərgiləməkdir. Əsasən də, ailə içində məişət zorakılığı hadisələrini aktuallaşdırmaq üçün həmin problemlərin təqibçisi olmaq da vacibdir. Çünki bəzən görürük ki, məişət zorakılığında qadınların şiddətə məruz qalması yaxud ailədə zəif fərdin sistemli formada öz yaxınları tərəfindən hər hansı təzyiqə məruz qalmasına ailənin şəxsi işi olaraq qəbul edilir və həmin problemə müdaxilə olunmur. Müdaxilə olunanda isə sonradan yaddan çıxır və həmin məsələ ardıcıl təqib edilmir. Məncə, medianın ən önəmli vəzifələrindən biri bu tip hadisələr baş verən zaman onun səbəbkarlarının məsuliyyətə cəlb olunması və bu kimi hüquqi addımların atılmasını araşdırıb, nəticələri cəmiyyətlə paylaşmaqdır. Belə halda gender problemi məsələlərində media faydalı ola bilər.
Stereotiplərlə mübarizə zamanı da media effektiv bir vasitədir. Onu da nəzərə alaraq, həmin məsələrlə də xüsusi nəzərə almaq və həll etmək üçün zəruri tədbirlər görmək, cəmiyyəti bu yöndə maarifləndirmək də önəmlidir”.
Media eksperti Ağa Dadaşzadə isə düşünür ki, qadınlara olan bütün haqsızlıqları media izləməli və çözüm yollarını araşdırıb cəmiyyətə təqdim etməlidir:
“ 2008-14-cü illərdə Rumiya telekanallarında və radiolarda böyük bir eniş meydana gəldi. Belə ki, bayağı şou verilişlərinə önəm verildi və ölkənin qazandığı uğurlar bir kənarda qaldı. Ticarət, iqtisadiyyat, siyasət və digər amillər maraq dairəsindən uzaqlaşdırıldı. Bu səbəbdən inkişaf prosesi ləngidi. Bunu deməkdə məqsədim odur ki, ölkə mediamızda da bu məsələyə eyni nöqtədən yanaşılsın və belə səhvlərə yol verilməsin.
Azərbaycanda həm xanım, həm də bəylərimiz arasında mükəmməl təhsil alıb, olduqca yaxşı vəzifələrdə çalışanlar çoxdur. Düşünürəm ki, hazırda media və efirlərimizdə boş-boş xəbərlərə önəm verib, kiminsə faciə yaxud ölümündən reytinq toplamağı bir kənara qoymalıyıq. Cəmiyyətdə təhsildə, siyasətdə, idmanda və başqa sahələrdə özünü sübut edən və sözünü deməyi bacaran qadınların təcrübəsini mediada təqdim etmək lazımdır. Gender bərabərliyi məsələsində olan çatışmazlıqları həll etmək üçün bu barədə müzakirələr aparmaq, qadınlara qarşı sosial mediada və digər istiqamətlərdə olan təzyiqləri aradan qaldırmağa yönələn addımlar atmaq mütləqdir”.
Mütəxəsislərin fikrincə, medianın cəmiyyətdəki yeri və rolu gender bərabərliyini cəmiyyətə aşılamaq və bütün bu üzrə olan problemləri həll etmək üçün jurnalistlərə böyük imkan yaradır. Sadəcə belə məsələləri diqqətdə saxlamaq və daim gündəmə gətirmək işin ən önəmli cəhətidir.
Aytac Şahin
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması”mövzusunda hazırlanıb.