“Bu paylaşımı bölüşməklə daha çox insanın məlumatlanmasına kömək edin. Qurbanlar çoxdur”
Medianews.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, texnobloger Fərid Pərdəşünas deyib.
O bildirib ki, son günlərdə evdən işləməklə gündəlik 100-300 manat əmək haqqı vəd edən mesajlar dələduzlar tərəfindən yayılır:
“Bu dələduzluq növündə qurban ilə əməlli-başlı söhbət aparılıb, haqqında CV məlumatları toplanır. Daha sonra saxta bir elektron ticarət saytında hesab açılır.
Sizdən işə qəbul olunmaq üçün son tələb olunan həmin saytdakı hesaba ödəmə metodlarından birini seçməklə 10 manat ödəniş etmək olur. Aşağıda gördüyünüz danışıq tərəfimdən aparılıb və son mərhələyə qədər gedib çıxmışam. Sonda həm “m10” platforması ilə həm də bank kartı ilə ödəniş eləmək olur. Həmin mərhələdə sizə oğurlanmış kart və “m10” hesabları təqdim olunur. Əllərində o qədər oğurlanmış hesablar var ki, hər saatın tamamında bu hesablar yenilənir. Siz isə sadəcə bu işdən xəbəri olmayan adama 10 manat göndərirsiniz. Daha sonra o pullar tranzit hesab dediyimiz xəbəri olmayan insanların balansından çəkilir (həmin oğurluq hesablardan).
Bu dələduzlar azərbaycanlı deyil və burada yaşamırlar. Nərgiz “Google Translate” ilə çalışan xarici bir dələduzdur. İşsizlikdən əziyyət çəkən və əlavə qazanc axtaranların son ümid yeri olan Nərgiz səmimi deyil. Bu paylaşımı bölüşməklə daha çox insanın məlumatlanmasına kömək edin. Qurbanlar çoxdur”.
Medianews.az