Azərbaycanın tarixi ənənələrini və mədəniyyətini özündə əks etdirən Novruz bayramı ərəfəsində yerli sakinlərin, həmçinin, ziyarətçilərin asudə vaxtlarının maraqlı və səmərəli təşkili məqsədilə martın 19-da İçərişəhərdə “Bayram qalası” günlərinə start verilib.
Dünən Azərbaycan Milli Konservatoriyasının nəzdində Respublika İncəsənət Gimnaziyasının şagirdləri də “Bayram qalası” konsert proqramında iştirak ediblər. Onlar “Bayram töhfəsi” rəqsi ilə çıxış ediblər.
Natella Həsənova, Cabir Rzayev, Lala İsmayılova, Samirə Vəlibəyova və Şöbə müdiri – müəllim Günel Eynullayevanın şagirdlərinin çıxışı izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “Bayram Qalası” günləri 26 mart tarixinə qədər, saat 12:00-dan 22:00-dək davam edəcək.
Həmin günlər ərzində qurama, rəssamlıq, nano art, keramika kimi sənətkarlıq nümunələri üzrə əl işləri nümayiş etdiriləcək, ustad dərsləri keçiriləcək və həmin məhsullardan ibarət yarmarkalar təşkil olunacaq. Tədbirlərdə, həmçinin, milli mətbəx nümunələri hazırlanacaq və milli kinomuzun incilərindən səhnəciklər nümayiş olunacaq.