Xəbər verdiyimiz kimi, Türkiyədə baş verən zəlzələ zamanı həlak olan Gündüz Nəzərzadənin məzar daşında “şəhid” ifadəsinin işlədilməsi cəmiyyətdə böyük müzakirələrə səbəb olub və birmənalı qarşılanmayıb.
Bu barədə Medianews.az-a fikir bildirən ilahiyyatçı Hacı Təyyar Hüseynli şəhid adının kimlərə şamil olunmasından danışıb:
“Şəhidlik məsələsi islam əqidəsinə görə haqq yolunda, vətən uğrunda ümumxalq dəyərlər naminə savaşıb, öldürülən şəxslərlə bağlıdır. Bu şəxslər haqqında islamın müqəddəs kitabı olan Qurani-Kərimdə deyilir ki, onları ölü saymayın, onlar yaradanın ziyafətindədirlər. “Şəhid” sözü “şahid” sözü kimi həqiqətin şahidi olmaq deməkdir. Həqiqət deyəndə burada haqqın nahaqla mübarizəsi nəzərdə tutulur. Bu da, əsasən, özünü müharibələrdə büruzə verir. Cəmiyyətdə də şəhid deyəndə əsas bu yöndə başa düşülür.
Digər tərəfdən məsələyə nəzər yetirsək, islam ədəbiyyatında elm və təhsil üçün, yaxud saf məqsəd, amal uğrunda insan bir işin ardınca gedib həlak olarsa, müqəddəs kəlamlarda həmin şəxslərə də bu ad aid edilir. Əsas məntiq isə birinci mənada var. Haqqın-nahaqla mübarizə prinsiplərində bu müqəddəs zirvəyə çatmaq daha çox işlədilir”.
İlahiyyatçı qeyd edib ki, tələbənin başdaşına yazılan bu ifadə cəmiyyət arasında fikir qarışıqlığına səbəb ola bilər:
“Bir tələbənin başdaşına şəhid adının yazılması səhv deyil. İctimai, sosial yanaşma zamanı, dini ədəbiyyatlarda bu barədə bəhs olunur. Həm də onu qeyd etmək lazımdır ki, islam dini elmə böyük önəm verir. Bu məsələ haqqında da çox danışmaq olar. Günahsız, məsum bir tələbə elm sorağında olan zaman bədbəxt hadisə zamanı dünyasını dəyişib. Doğmaları da kimlərləsə məsləhətləşib başdaşında şəhid adını qeyd edib. Lakin bu məqam məzarı ziyarətə gələnlərin fikrinin qarışmasına səbəb ola bilər. Çünki bizim cəmiyyətdə şəhid deyilən zaman ilk ağla gələn torpaq uğrunda gedən döyüşlərdə həlak olan insanlar nəzərdə tutulur. Biz bu mövzunu mənəviyyat nöqteyi-nəzərdən hər nə qədər qəbul etməyə çalışsaq da, artıq o sözün məzar daşında qeyd olunması insanların ağlında fikir qarışıqlığı yaratmağa başlayıb”.
Aytac Şahin
Medianews.az