Tarixi köklərimizin bu günə qədər yansımasında böyük töhfəsi olan Novruz bayramı kiçikdən-böyüyə hər kəsdə sevinc yaradır. İnsanlar baharı böyük ümidlə gözləyir və həyəcanla qarşılayırlar. Bu bayramda bizim mənsub olduğumuz xalqın tarixi və mədəni adət-ənənələrinin gələcək nəsillərə ötürülməsində əsas yol oynayır.
Bəs şəhər sakinləri Novruz bayramı haqqında nələr düşünür? Bu bayram onlar üçün hansı sevincləri ifadə edir?
Nəzrin Xankişiyeva mənsub olduğu bölgənin Novruz adətləri haqqında bunları qeyd edir:
Əsrlər boyu Novruz bayramı, Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağ bölgəsində də xüsusi sevinclə qeyd edilir. Qarabağın adamları da bu Novruza bir ayrı köklənib, bir ayrı həvəslə hazırlaşırlar. Qədim, gözəl adətlərini, özünəməxsus rituallarını həvəslə qeyd edirlər. Qarabağda da Novruz bayramı ilə bağlı adət və ənənələr, mərasimlər keçirilir. Bunlar xalq arasında uğur gətirən ənələr kimi yayılıb. İlkin dövrlərdə çərşənbə gecələrinə Qarabağda “tək gecə”, “tək axşam” deyilirmiş. Sonradan onu çərşənbə axşamı adlandırıblar.
Novruzda Qarabağ bölgəsində bir-birinin üzərinə su tökmək adəti var. Belə ki, axır çərşənbə günü hamıdan erkən oyanıb axar su üstünə gedər, əl-üzünü yuyub, təzə suya çaydan daş qoyub evə gətirər və künc-bucaqlara səpərdilər. Bu, bərəkət hesab edilirdi. Yaxud evdə olan köhnə sular atılır, qablar təzə su ilə doldurulurdu. Kim birinci su doldursa, onun bəxti açılar inancı ilə subay qızlar həmin gün erkən gedib su doldurmağa çalışarmışlar.
Qubadlı bölgəsində çərşənbədən bir gün əvvəl bütün kənd əhalisi dəstə ilə Qara Kaha deyilən yerə çöl göyərtisi yığmağa gedərmiş. Sinəyə döşlük, kürəyə şal bağlayıb, nəğmə oxuya-oxuya bənövşə, cincilim, quzuqulağı, yemlik yığar, mütləq Novruz süfrəsinə qoyardılar.
Xocavənddə bayram günlərində cavan oğlanlar qadın, qızlar isə kişi paltarı geyinib müxtəlif məzəli hərəkətlər edirmişlər. Qarabağın digər bölgələrində də oğlanların qadın paltarı geyinib evlərə girib, xonçadan istədikləri şeyi götürüb, ürəyi istədikləri kimi davranarmışlar. Uşaq-böyük maraq göstərib sonda həmin şəxsin üzünü açar və onun kimliyi aşkarlanırmış.
Qarabağda Novruzla bağlı maraqlı adətlərdən biri də yelləncəklə bağlıdır. Bir nəfər budaqlarından sicim asır, iki nəfər qız üz-üzə oturub ayaqlarını bir-birinin kəndirindən keçirir, bir qadın da onları yellədə-yellədə müxtəlif nəğmələr oxuyur. Kəndin bütün adamlarının gənc-yaşlı fərq etməz bu mərasimdə iştirak edərmiş. Hətta bəzən uzun növbələr yaşanarmış.
Ayşən Vəliyeva isə bizə Novruzun maraqlı adətlərindən danışır:
Qızlar fala baxmağı çox sevir. Bu onların əhvalına da müsbət təsir edir. Mənim keçən il etdiyim fal sap falıdır. Qeyd edim ki, buna heç inanmıram. Sadəcə maraq üçüb yoxlamışdıq. Belə ki, axır çərşənbədə nişanlanmış qızın nişanlısı tərəfindən nə qədər istənilməsini yoxlamaq üçün sapa bir neçə dəfə düyün vurub qıza verirlər ki, açsın. Qız aça bilsə, deməli, oğlan onu çox istəyir. Əgər aça bilməsə, deməli, əksinə. Bir də 7-ci sinifə qədər hər bayram axşamı tonqala çıxardım.
Günel Qasımova deyir ki, bu bayramın adətləri çox maraqlıdır:
Bizim tərəfdə çoxlu ənənələr var. Onlardan biri də qapı pusmaqdır. Onu mən də sınamışam. Düz də çıxıb. Yadıma gələnlərdən biri də üzük falıdır. Onu isə uşaq vaxtı etmişdim. İndi isə maraqlı gəlmədiyi üçün sınamıram. Papaq atmaq da olduqca maraqlı və əyləncəli adətlərdəndir. Bu adəti də vaxtilə yerinə yetirmişəm.
Azad Əliyev bildirir ki, Novruz xalqımızın əsas bayramlarındandır:
Bu bayramın adətlərindən nə qədər desəniz danışmaq olar. Bir-birindən maraqlı və qeyri-adi adətlərimiz var. Uşaq vaxtı o adətləri biz də həvəslə etmişik. Məsələn, qapıya papaq atmışıq, yumurta yarışdırıb, səməni yetişdirmişik. Amma təəssüflər olsun ki, müasir dövrdə necə deyərlər köhnə bayramlardan əsər-əlamət qalmayıb . Sanki bayram adətlərimiz getdikcə unudulur. Bizim zamanımızda olan həvəs, sevinc, indiki uşaqlarda yoxdu. Düşünürəm ki, yeni ilə maraq daha çoxdur. Ancaq Novruz üçün bunu demək olmur. Novruz isə bütün bayramlardan daha özəl qeyd edilməlidir. Çünki bu bizim tarixi köklərimizlə bağlıdı. Hətta bəzi xristian ölkələrində bu bayram daha təntənəli qeyd edilir deyə bilərəm. Çox istərdim ki, hazırki dövr uşaqlarında bayram sevincini, gözlərindəki xoşbəxtlik qığılcımlarını görmək mümkün olsun. Bəlkə də bu durğunluq yeni nəslin texnologiya bağı ilə əlaqəlidir. İnsanlar artıq hər şeyi onlayn yolla həll edir. Uşaqların da başı telefona və onlayn oyunlara qarışıb. Elə bu səbəbdən real həyatda baş verən hadisələrin fərqində olmurlar” .
Şahnun Qasımova Novruz bayramı təəssüratlarını belə ifadə edir:
“Ən əziz, ən doğma bayramlardan biri Novruz bayramıdır. Mənim üçün yenilənmə deməkdir. Sanki yeni ilə qədəm qoyuram. Bu bayramın da özünəməxsus adətləri var. Belə ki, küsülülər barışır, köhnə əşyalar evdən atılır, yəni köhnə əşyaları evdə saxlamaq uğursuzluq sayılır. Novruz bayramının digər özəllikləri də var. Bu özəlliklərdən biri də fala baxmaqdır. Sonuncu çərşənbə axşamında subay qızlar toplaşır fala baxırlar. Məsələn, üzük falı, qapı pusma, sac üstündə buğda partlatma və digər fallarıda misal çəkmək olar. Məsələn, bir dəfələrlə qapı pusmuşam eşitdiyim bir söz olub “yaxşı olacaq” bu sözə inanmışam, həqiqətən də bu il işlərimin yaxşı olacağına ümid eləmişəm. Digər maraqlı bir faldan da danışım. Bir dəfə nənəm sac üstündə buğda partlatdı. 4-5 qızın adını çəkib saca atdı buğdanı. Həmin buğalar sıra sıra partlamağa başladı, qismət də elə oldu ilk kimin adını çəkdisə o gəlin köçdü.
Adətən evdə adam sayına şamlar yandırılır. Hər il olduğu kimi vazkeçilməz olan paxlava bişirilir. Uşaq vaxtı dadı damağından getməyən “qovurğa” nı əvvəllər anam çox edərdi”.
İlahə İlyasova maraqlı Novruz inanclarından danışıb:
İllərdi cavan qızlar ilaxır çərşənbə günü hamıdan qabaq oyanıb evdəki bütün köhnə suları töküb, qablara təzə su doldururlar. Onlar bununla bəxtlərinin açılacağına inanırlar. Əvvəllər bulaq başına gedən zaman ediblər, nənələrimiz də bizə belə aşılayıb.
Bağda həmişə yazın gəlişində yelləncək qururuq. Cavanlar, uşaqlar bir-bir hamı yellənir. Kənardan da mahnı qoşub oxudurlar. Nənəm deyir ki, biz əvvəl özümüz oxuyurduq, siz tənbəlsiniz. Ucuncaq deyirlər. Subay qızlar yellənəndə dayanmağa qoymurlar, sevdiyinin adını deyənə kimi”.
Aytac Şahin
Medianews.az