Beynəlxalq Cinayət Məhkəməsi Ukraynada törətdiyi müharibə cinayətlərinə görə Putinin həbsi barədə order verib.
Medianews.az xəbər verir ki,bu barədə BBC məlumat yayıb.
Sənəddə bildirilir ki, onlar “əhalinin (uşaqların) qanunsuz deportasiyası və əhalinin (uşaqların) Ukraynanın işğal olunmuş ərazilərindən Rusiya Federasiyasına qanunsuz köçürülməsindən ibarət hərbi cinayətlərdə” iştirak edə bilərlər.
Sözügedən məsələ ilə bağlı politoloq Şahin Cəfərli də feysbuk hesabında ətraflı məlumat yayıb.
O bildirib ki, bu məhkəmənin qərarları yalnız Roma Statutuna qoşulmuş dövlətlər üçün keçərlidir:
“Əvvəlcə qeyd edək ki, bu məhkəməni eyni şəhərdə (Lahey və ya bizdə bilinən adı ilə Haaqa) yerləşən BMT-nin Beynəlxalq Məhkəməsindən fərqləndirmək lazımdır. Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə imzalanmış Roma Statutu əsasında təsis edilərək 2002-ci ildə fəaliyyətə başlayıb. Bu məhkəmənin qərarları yalnız Roma Statutuna qoşulmuş dövlətlər üçün keçərlidir.
Putin haqqında qərar həmin sənədi imzalasa da, ratifikasiya etməmiş Rusiya tərəfindən əlbəttə ki, tanınmır və icra olunmayacaq. Roma Statutu iştirakçısı olmayan ölkələr də qərara əməl etmək məcburiyyətində deyil.
Lakin məsələnin siyasi əhəmiyyəti böyükdür. Bu qərar Putinin dünyadakı reputasiyasını darmadağın edir və onun alnına vurulmuş bir damğadır. Rusiya kimi böyük dövlətin imicinə də ağır zərbədir. Roma Statutunu ratifikasiya edən dövlətlər başda olmaqla, ümumilikdə xarici tərəfdaşlar üçün bu adamın əlini sıxmaq, onunla görüşüb, danışıqlar aparmaq asan olmayacaq və diskomfort yaradacaq.
Qərarın Çin liderinin Rusiyaya səfəri öncəsi çıxarılması da maraqlı detaldır.
Xatırladaq ki, 2008-ci ildə Sudan prezidenti Ömər əl-Bəşir haqqında da Darfur soyqırımına görə eyni məhkəmə tərəfindən həbs qərarı çıxarılmışdı. Lakin əl-Bəşir 2019-cu ilə qədər vəzifəsində qalmış və çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılaraq həbs olunmuşdu”.
Medianews.az