Göyərtiləri bazardan alıb evə gətirən zaman evin havasını tamamilə dəyişər və hər yeri gözəl ətir bürüyər. Onların ətirləri gözəl olduğu kimi dadları da ləzzətlidir.
Medianews.az ləzzətli göyərtilərin sağlamlığımıza faydalarını təqdim edir:
Şüyüd
Şüyüd də bu cür ətirli göyərtilərdən biridir. Misir həkimləri qədim zamanlarda ondan dərman kimi istifadə edirdilər. Bunu bilmək lazımdır ki, şüyüd mədə xəstəlikləri və yuxusuzluq üçün çox faydalıdır. Ona görə də yeməklərinizdə şüyüddən çox istifadə edin. İstər xam halında və istərsə də bişmiş halda. Şüyüdün toxumu iştahasızlıqla mübarizədə yaxşı dərman hesab edilir. Şüyüd xüsusilə mədə-bağırsaq sistemi üçün faydalıdır – iştahanı artırır, köplə mübarizə aparır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqlara yüngül işlədici təsir edir.
Körpə uşaqlarda şüyüd suyu təsirli köpəleyhinə vasitə kimi istifadə olunur. Körpələrin əksəriyyəti həyatının təxminən 3-4-cü ayına kimi köpdən əziyyət çəkir. Hal hazırda bu problemi həll etmək üçün müxtəlif preparatlar satılır. Lakin ev şəraitində şüyüddən çox yaxşı tədii köpəleyhinə dərman hazırlamaq olar. Bunun üçün 1/2 çay qaşığı şüyüd toxumu 1/2 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, yaxşı süzülür və gün ərzində 3-4 dəfə 1/2-1 çay qaşığı miqdarında uşağa verilir. Dəmləməni hər gün hazırlamaq lazımdır. Anaların əksəriyyəti bu vasitəni istifadə etdikdən sonra uşağın daha sakit və rahat olmasını, daha yaxşı yatmasını görür.
Şüyüd toxumu dəmləməsi tək uşaqlarda deyil, həm də böyüklərdə təsirli köpəleyhinə vasitə kimi istifadə oluna bilər. Şüyüd antioksidant maddələrlə zəngindir, orqanizmi ziyanlı maddələrdən təmizləyir, “pis” xolesterinlə mübarizə aparır.
Şüyüd spazmolitik xüsusiyyətlərinə malikdir. Bağırsaq, mədə spazmı zamanı, spazmla bağlı olan baş ağrıları zamanı şüyüd toxumu dəmləməsi çox tez və yaxşı kömək edir.
Şüyüd toxumu həmçinin bəlğəmgətirici və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. Öskürək, bronxit zamanı 1 xörək qaşığı şüyüd toxumu 1 stəkan qaynar suda 1/2 saat ərzində dəmləyin (termosda dəmləmək daha yaxşıdır), yaxşı süzün və gün ərzində stəkanın 1/3 hissəsi olmaqla için. Qəbuldan əvvəl dəmləməyə 1/2 çay qaşığı bal əlavə edin.
Şüyüd toxumu dəmləməsi insanın sinir sisteminə də çox müsbət təsir edir – sakitləşdirir, yuxusuzluqla mübarizədə kömək edir, baş ağrıları azaldır. Şüyüd həmçinin ödqovucu təsirinə malikdir, qara ciyərin fəaliyyətinə müsbət təsir edir.
Keşniş
Keşinişin iyi hər bir kəsin xoşuna gəlir. Bu göyərti insanın iştahasını açar. Həzm sistemini gücləndirmək üçün keşniş çox gözəl vasitədir. Balıq və ət yeməklərinin üzərinə keşniş doğrayıb, süfrəyə yeni rəng qata bilərsiniz. Keşniş toxumundan şirniyyatları ətirləndirmək üçün istifadə etmək olar. Keşniş ödqovucu xüsusiyyətə malikdir. Onun toxumlarının bəlğəmgətirici, babasil əleyhinə, yarasağaldıcı təsirləri vardır.
Babasil əleyhinə və ödqovucu məqsədlə keşniş toxumu, solmazçiçək və nanə tərkibli çayın içilməsi xəstəliyin əlamətlərini aradan qaldırır. Qədim Misirdə keşnişin faydalarından çox istifadə olunub. Bunu orada arxeoloji qazıntılar aparan arxeloqlar söyləyir.
Keşniş toxumlarından kosmetologiya və parfümeriya sahəsində də geniş istifadə olunur. Onun ətri bənövşə, qızılgül, berqamot, zambaq, limon kimi bitkilərin ətri ilə eyni sırada tutulur. Keşnişdən alınan efir yağlarından sabunların hazırlanması və tekstil sənayesində istifadə edilir.Tibbdə keşnişdən həzmi normallşdırıcı və ödqovucu məqsədlə istifadə edilir. Onun toxumundan qastritlər, onikibarmaq , bağırsaq xəsrəlikləri zamanı antiseptik və ağrıkəsici kimi istifadə edilir.
Keşniş toxumundan alınan efir yağı – linalool yuxarı tənəffüs yollarının xəstəlikləri zamanı damcı şəklində istifadə edilir. Keşnişin efir yağlarından(aldehid sitral) müxtəlif göz xəstəliklərində( konyuktvitdə, qlaukomada) istifadə edilir.
Cəfəri ən çox istifadə edilən göyərtidir. Bu göyərtinin tərkibində C vitamini, kalsium, B9 vitamini, dəmir və anti-oksidantlar vardır. Yeməklərin bəzədilməsində ondan istifadə edə bilərsiniz. Həmişə təzə cəfəridən istifadə etməyə çalışın. Bu göyərtini qurutmaq heç də faydalı olmaz. Çünki tərkibindəki vitaminləri ölər.
Məhz bu zəngin tərkib cəfərini insanın sağlamlığı üçün çox faydalı edir:
1. Cəfəri insanın ürək-damar sistemi üçün çox faydalıdır. Cəfərinin daim qəbulu qan damarlarını möhkəmləndirir, ödemləri aradan qaldırır, ürəyin fəaliyyətinə müsbət təsir edir.
2. Cəfəri dəmləmələri (yarpaqlar və köklər istifadə olunur) və şirəsi arterial təzyiqi normallaşdırır.
3. Cəfəri güclü sidikqovucu xüsusiyyətlərinə malikdir. Məhz bu səbəbdən cəfəri sidik ifrazı sistemi iltihabları zamanı, böyrək daşı xəstəliyi zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər. Cəfəri dəmləmə, şirə şəklində istifadə olunur. Uzun müddət ərzində qəbul etdikdə cəfəri böyrəkləri qumdan, duzlardan, hətta kiçik daşlardan təmizləyir.
4. Cəfəri C vitamini ilə olduqca zəngindir. Bu səbəbdən cəfəri insanın immun sisteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir.
5. Cəfərinin tərkibində fermentlər və inulin var ki, bu maddələr həzm prosesləri yaxşılaşdırır.
6. Cəfəri damaqları bərkidir və dişləri ağardır, ağızdan gələn pis qoxunu yox edir.
7. A vitamini ilə zəngin olan cəfəri gözlər üçün də çox xeyirlidir.
8. Cəfəridə fol turşusu var. Bu səbəbdən göyərti hamilə qadınlar üçün çox faydalıdır.
9. Cəfəri kosmetologiyada çox geniş istifadə olunur. Cəfəri ilə maskalar və kremlər üz dərisini ağardır, gözlərin altında olan qara kölgələri yox edir, çilləri və piqment ləkələri daha az görünən edir. Bunun üçün 1 dəstə cəfəri blenderdə xırdalanır, 1 xörək qaşığı xama və 1 xörək qaşığı limon şirəsi ilə qarışdırılır və təmiz üz dərisinə çəkilir. 20 dəqiqədən sonra maska ilıq su ilə yuyulur.
Cəfəri dəmləməsi dəridə iltihablar, civzələr zamanı da yaxşı müalicəvi təsir edir, dərini təmizləyir.
Kəklikotu
Qədimdə bu ot möcüzəli sayılırdı. Belə hesab olunurdu ki, kəklikotu insanın ruhunu möhkəmləndirir, “qara qüvvələr”, cinlərlə mübarizə aparır.
Kəklikotunu yandırıb onun tüstüsünü evlərə, uşaqlara, ruhi xəstə insanlara verirdilər. Təbii ki, bütün bunların həqiqətə heç bir aidiyyatı yoxdur. Lakin kəklikotu həqiqətən çox faydalı otdur və bir çox hallarda effektli təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.
İlk növbədə kəklikotu insanın sinir sisteminə çox müsbət təsir edir:
– beyində qan dövranını və mübadilə prosesləri yaxşılaşdırır;
– sakitləşdirir, əsəbiliyi aradan qaldırır, əhval-ruhiyyəni yaxşılaşdırır;
– baş ağrıları zamanı yaxşı kömək edir;
– xroniki yorğunluqla mübarizə aparır;
– yuxunu bərpa edir;
– yaddaşı və təfəkkürü yaxşılaşdırır.
Kəklikotu immun sistemi üçün də çox xeyirlidir. Soyuq fəsillərdə kəklikotu çayı soyuqdəymə xəstəliklərinin profilaktikası məqsədi ilə istifadə oluna bilər. Kəklikotu çayı hazırlamaq üçün 1 çay qaşığı quru kəklikotu 1 stəkan qaynar suda 20 dəqiqə ərzində dəmlənilir, süzülür və adi çay kimi içilir. Çaya bal, limon əlavə etmək olar. Soyuqdəymə xəstəliklərinin ilk simptomlarında belə çay çox yaxşı təsir edir, xəstəliyin inkişafını dayandırır.
Kəklikotu çox təsirli spazmolitik vasitədir. Kəklikotunun köməyi ilə spazmla (sıxılma) bağlı olan ağrıları (baş ağrısı, bağırsaq spazmı və s.) azaltmaq və ya tam yox etmək mümkündür. Kəklikotu çay kimi dəmlənilir (yuxarıda göstərilir) və içilir.
Kəklikotu güclü antiseptik və antibakterial təsirinə malikdir. Bu səbəbdən kəklikotu dəmləmələri ağız boşluğu iltihabları, tonzillit zamanı qarqara üçün istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.
Kəklikotu bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Kəklikotu respirator xəstəliklər (öskürək, bronxit və s.) zamanı nəfəs yollarında yığılan bəlğəmi durulaşdırır və onun çıxmasını asanlaşdırır. Antiseptik xüsusiyyətlərinə malik olan kəklikotu bağırsaqlarda yaşayan ziyanlı mikroorqanizmləri yox edir, qurdqovucu təsir edir. Kəklikotu həmçinin sistit, nefrit zamanı antiseptik və iltihabəleyhinə təsir edir, təbii sidikqovucu vasitə kimi istifadə olunur.
Kəklikotu həm də “kişi otu” adlandırılır. Sübut olunub ki, bu ot kişilərin cinsiyyət sisteminə müsbət təsir edir, cinsi funksiyasını artırır, prostatitin müalicəsində istifadə olunur.
Kəklikotu və xüsusilə kəklikotu yağı güclü yarasağaldan xüsusiyyətlərinə malikdir. Yanıqlar, xoralar, donvurma zamanı kəklikotu yağının istifadəsi ifadə olunmuş müalicəvi təsir edir.
Ekzema, psoriaz kimi dəri xəstəlikləri zamanı kəklikotu ilə müalicəvi vannalar çox yaxşı effekt verir. Bunun üçün 100 qr ot 1 l qaynar suda dəmlənilir, 30 dəqiqədən sonra süzülür və ilıq vannaya əlavə olunur.
Kəklikotu hamilə qadınlar üçün ziyanlı sayılır. Lakin əmizdirmə zamanı bu otun istifadəsi laktasiyanı gücləndirir.
Medianews.az