Braziliya mətbuatında çıxan xəbərlərə görə, 100-dən çox qətl törətdiyi məlum olan seriyalı qatil Pedrinho Matador güllələnərək öldürülüb.
Medianews.az xəbər verir ki, dəhşətli keçmişi olan Matador sadəcə xoruldadığı üçün bir insanı öldürməkdən çəkinməyib.
Onun əsl adı Pedro Rodrigues Filhodur . O, 2018-ci ildə 40 illik həbsdən sonra azadlığa çıxıb. Braziliya mətbuatı tərəfindən “ölkənin ən qorxulu seriyalı qatili” ləqəbi ilə tanınan Matador ilk qurbanını uşaq ikən öldürüb.
2018-ci ildə azadlığa çıxdıqdan sonra sosial mediada peyda olan, törətdiyi cinayətlər haqqında danışan caninin ölkənin məşhur video platforması “Kwai”-də 267 mindən çox izləyicisi olub. O, eyni zamanda “Youtube” platformasında da məşhur idi.
Braziliyalı kinorejissor Fernando Qroşteynin çəkdiyi sənədli filmdə də həyatından bəhs edən Matadorun Sao Paulo şəhəri yaxınlığındakı Mogi das Cruzesdə güllələndiyi açıqlanıb.
O, 13 yaşında əmisi oğlunu öldürərək ilk qətlini törətməyə çalışıb. Daha sonra 14 yaşında yaşadığı şəhərin bələdiyyə sədrinin müavinini və məktəb mühafizəçisini qətlə yetirib. Qətllər bir-birinin ardınca davam edib. Matador daha sonra narkotik satıcılarını, oğruları və insan alverçilərini öldürməyə başlayıb. Bütün bunlar baş verəndə onun 18 yaşı hələ tamam olmamışdı.
İllər sonra anasını öldürdüyü üçün atasını vəhşicəsinə qətlə yetirib. Atasının ürəyini parçalayıb.
O, həbsxanada olarkən də cinayətlərini davam etdirib. Bir məhbusu xoruldadığı üçün, birini isə üzünü bəyənmədiyi üçün öldürüb.
Son olaraq onu da qeyd edək ki, Pedrinho Matador 68 yaşında idi.
Medianews.az