Argentina millisinin və Fransanın PSG klubunun futbolçusu Lionel Messi ölkəsində ölümlə hədələnib.
Belə ki, Lionel Messinin həyat yoldaşı Antonela Rocuzzonun ailəsinə məxsus supermarketə naməlum şəxslər hücum edib.
Medianews.az xəbər verir ki, hadisə yerinə gələn polislər “Messi, səni gözləyirik. Pablo Yavkin (Rosarionun meri – red.) də narkotik alverçisidir, o, səni mühafizə edə bilməz”, -deyə mesajı tapıb.
Hadisə ilə bağlı ətraflı açıqlama verməyən səlahiyyətlilərin hücuma aydınlıq gətirmək üçün araşdırmalara başladığı paylaşılıb. Polis hadisənin səbəblərini və həmin şəxslərin kimliyini araşdırır. Yerli hakimiyyət hesab edir ki, cinayətkarlar Messidən pul qoparmaq məqsədilə bu yola əl atıblar.
Rosario meri Pablo Yavkin verdiyi müsahibədə Rocuzzo ailəsinin bir neçə üzvü ilə görüşdüyünü və ailənin qorunmasının vacib olduğunu deyib.
“Onların bu hadisə ilə heç bir əlaqəsi yoxdur”,-deyə Pablo Yavkin bildirib.
Pablo Yavkin daha sonra qeyd edib ki, əslində narkotik şəbəkəsi Messinin ailəsinin adından istifadə edərək, vermək istədiyi mesajı daha geniş əraziyə çatdırıb.
Qeyd edək ki, naməlum şəxslər 36 yaşlı hücumçunun doğma şəhəri olan Rosarioda həyat yoldaşı Antonella Rokutsanın ailəsinə məxsus mağazaya 14 dəfə atəş açıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.
Medianews.az