ÜST-ün Azərbaycandakı nümayəndəliyi qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırıb.
ÜST-ün Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.
Məsələ ilə bağlı Medianews.az –a danışan tibb sahəsi üzrə professor Adil Qeybulla bildirib ki, hər dövlətdə olduğu kimi Azərbaycanın da “Milli peyvənd təqvimi” var:
“ Həmin peyvənd təqviminə əsasən, uşaqlar anadan olan kimi peyvənd olunmalıdır. Bura BSJ, poliomielit , göy öskürək, difteriya, qızılca və.s aiddir.
Bu “Milli peyvənd təqvim”i ilə vaksin uşaqlara müəyyən olunmuş yaşlarda vurulur. Bu vaksinasiyaların olması xəstəliklərin qarşısını ala bilib. Bu gün uşaqlar arasında kütləvi halda xəstəliklərin olmaması, peyvəndərin sayəsindədir.
Amma qızılca keçirən uşaqlar ömürlük immunitet qazanırlar. Qızılca keçirən uşaqlar isə ya peyvənd olunmayıblar, ya da keçirməyiblər.
Hesab edirəm ki, valideynlər uşaqlarını peyvənd olunmaqdan yayındıraraq xəstəliyin çoxalmasına təsir göstərirlər. Bu araşdırılmalıdır.
Təxmini 2000 – ci illərdə Azərbaycanda kütləvi qızılca , göy öskürək, difteriya əleyhinə vaksinasiya olunmuşdu. Bu proses xəstəliklərin qarşısının alınmasına təkan vermişdi.
Xəstəliyin artması təşkilatı işə bağlıdır. Yəni, vaksinasiyanın məcburi şəkildə uşaqlara vurulması çox böyük əhəmiyyət kəsb edir və daha yaxşı nəticə verə bilər. Əks halda xəstəliklərin yayılması qaçılmazdır. Həm də bu xəstəliklərin qarşısını alır”.
Mehin Mehmanqızı
Medianews.az